image-reklam-veteninfo
image-cingizbackend

Azərbaycan polisinin vəzifə borcu dövlətlə cəmiyyət arasında qarşılıqlı inam və təhlükəsizlik körpüsünün təmin edilməsidir ŞƏRH

image-reklam-veteninfo

Azərbaycan polisinin yaradılmasından 108 il ötür. Polis ictimai asayişi, vətəndaşların təhlükəsizliyini, ölkədə sabitliyin qorunmasını təmin edən güc mənbəyidir. Ölkəmizdə polisin əsas vəzifəsi bu fundamental zərurəti təqdir etmək, ictimai təminatda dövlətə dəstək verməkdir. Məhz buna görə də hər birimiz “Mənim polisim məni qoruyur” ifadəsini işlədirik. Xalq polisə güvənir, inanır və etibar edir. Bu gün cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi qoruyan, vətəndaşların asayişini mühafizə edən, dövlətin, əhalinin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən müdafiəsi polisin üzərinə düşən əsas vəzifədir. İnsanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirən polis hər birimizin güvən yeridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, “Şöhrət” ordenli Çingiz Qənizadə bildirib.

Tanınmış hüquqşünas hər il iyulun 2-ni Azərbaycanda Polis Günü kimi qeyd olunduğunu vurğulayaraq deyib ki, bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə təsis edilmişdir. Bu əlamətdar günün təsis edilməsinin kökündə 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milis (polis) orqanlarının yaradılması durur. Ümummilli Lider Heydər Əliyev zaman-zaman polis orqanlarında ləyaqətlə çalışan polis əməkdaşlarının nümunəvi xidmətlərini həmişə yüksək qiymətləndirmiş, daim onlara arxa, dayaq olmuşdur. Ulu öndər bu peşə sahiblərinin fəaliyyətini yüksək dəyərləndirərək demişdir. “Polis peşəsi ağır peşədir. Bir tərəfdən cəsarət, şəxsi mətanət, digər tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir”. Məhz Heydər Əliyevin rəhbərliyi altında daxili işlər orqanları müstəqil dövlətimizin qurulmasının və sosial rifahın vacib şərti olan ictimai-siyasi sabitliyin təminatçılarından birinə çevrilmişdir. Polis dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə və vətəndaşlara xidmət etmək olan peşəkar hüquq mühafizə orqanı kimi formalaşmışdır.

Ç.Qənizadə Azərbaycan polisinin üzərinə düşən çətin və məsuliyyətli vəzifələrdən söhbət açaraq qeyd edib ki, Azərbaycan polisi ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlıqla mübarizədə, insanların hüquq və azadlıqlarının müdafiəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında və fövqəladə vəziyyətlərdə vətəndaşın və qanunun yanında olmağı bacaran çevik bir orqandır.

Hüquq müdafiəçisi asayişin keşiyində ayıq-sayıq dayanan polis işçilərinə göstərilən diqqət və qayğını Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin timsalında daha aydın şəkildə hiss edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonar da polis orqanlarına göstərilən diqqət və qayğı daha da artırıldı: “Polisin texniki təminatı ildən-ilə yüksək səviyyədə həll edilir. Yeni texniki vasitələrdən istifadə profilaktika tədbirlərini də uğurla həll etməyə imkan verir. Şəhərimizin müxtəlif yerlərində quraşdırılmış təhlükəsizlik kameraları öz müsbət rolunu oynayır. Bu, həm profilaktika nöqteyi-nəzərdən, həm də cinayətlərin açılmasında mühüm rol oynayır. Azərbaycanda cinayətlərin açılmasının yüksək səviyyədə olması polis işçilərinin peşəkarlığından xəbər verir. Etiraf edək ki, uzun illər Daxili İşlər Nazirliyinə ləyaqətlə və peşəkarcasına rəhbərlik etmiş Ramil Usubovdan estafeti qəbul edən və onun layiqli davamçısı olan nazir Vilayət Eyvazovun Daxili İşlər Nazirliyinə rəhbərliyi dövründə də polis orqanlarında uğurlu islahatlar və işlər davam etdirildi. Həmçinin polis orqanlarına kadrların seçilib yerləşdirilməsində qətiyyətli, mərd, vətənpərvər və savadlı gənclərə üstünlük verilməsi bu peşənin nüfuzunu daha da artırmış oldu”.

Komitə sədri xatırladıb ki, müasir Azərbaycan polisi təkcə asayişi qorumur, həm də dövlətin ərazi bütövlüyünün müdafiəsində birbaşa iştirak etmişdir. Birinci və İkinci Qarabağ müharibələrində antiterror əməliyyatlarında Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların əməkdaşları ön cəbhədə qəhrəmancasına döyüşmüşdür. Birinci Qarabağ müharibəsində də polislərimizin daim ön cəbhədə olduqlarını, torpaqlarımızın müdafiəsində qəhrəmancasına vuruşduqlarını yada salmamaq olmaz. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən Milli ordu və könüllülərlə bərabər, həm də nizami qüvvə kimi milis (polis), sonrakı illərdə Daxili Qoşun hissələri olmuşdur. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmışdır. 1710 nəfər isə bu döyüşlərdə yaralanmışdır. Göstərdikləri qəhrəmanlığa görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 əməkdaş isə dövlət tərəfindən orden və medallara layiq görülmüşlər.

44 günlük Vətən müharibəsində Polis və Daxili Qoşunların şəxsi heyətindən və xüsusi təyinatlılarından 66 nəfər şəhid olmuş, 346 nəfər hərbi qulluqçu isə yaralanmışdır. 2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli Antiterror əməliyyatında da polis əməkdaşları yenə də nizami ordu ilə bərabər çiyin-çiyinə olmuşlar. Bu əməliyyat zamanı şəhid olanlar sırasında polis əməkdaşları da vardır. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş polisin xüsusi təyinatlılarından və Daxili Qoşunların hərbi qulluqçularından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər əməkdaş Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

Qarabağ uğrunda vuruşan polislərimiz indi də işğaldan azad olunmuş torpaqlarda asayişin keşikçisinə çevrilmişlər.

“Amma unutmamalıyıq ki, bu sabitliyin qoruyucusu həm də Azərbaycan Polisidir. İnsanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qoruyan Azərbaycan Polisidir”, – deyə Ç.Qənizadə bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki