Ağstafa rayon Heydər Əliyev Mərkəzində 2 iyul – Azərbaycan Polisinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis Şöbəsinin şəxsi heyəti, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək müasir müstəqil Azərbaycanın memarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutu ilə başlayıb.
Tədbirin rəsmi hissəsində giriş nitqi söyləyən Ağstafa rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu gün Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun qorunması üzrə mükəmməl təşkil edilmiş hüquq-mühafizə orqanı kimi vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsi, istənilən növ cinayətkarlığa qarşı yüksək peşəkarlıqla mübarizəsi Vətənə sədaqət nümunəsi kimi qiymətləndirilir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov çıxışlarında peşə bayramı günü münasibəti ilə polis əməkdaşlarına təbriklərini çatdırıblar. Qeyd olunub ki, daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar mühüm rol oynayıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Ağstafa rayon Polis Şöbəsinin kadrlar Qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru Nurlan Niyazlı, Azərbaycan Respublikasının Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazovun təbrik məktubunu, şəxsi heyətin mükafatlandırma əmrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Xidmətlərində fərqlənən polis əməkdaşları, eyni zamanda, daxili işlər orqanları sıralarında xidmətlərini müvəffəqiyyətlə başa vuraraq təqaüdə çıxan bir qrup şəxs müvafiq Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.
Peşə bayramı günü toplantısının bədii hissəsi yerli mədəniyyət və ictimaiyyət nümayəndələrinin təqdim etdikləri geniş konsert poqramı ilə davam etdirilib.



























