image-6f5ce81c-e7ce-456e-b3b1-747176d393dcbackend

Azərbaycan-Qırğızıstan həmrəyliyi

image-reklam_sirab_01

Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı nəticəsində müxtəlif istqiamətlərdə əməkdaşlıq üçün geniş imkanlar yaradılıb
Hazırda Azərbaycan dövləti nəinki region, eyni zamanda lider ölkələr sırasında beynəlxalq nüfuzunu gündən-günə gücləndirir. Eyni zamanda Azərbaycan həm regionda, həm də türkdilli dövlətlər arasında aparıcı mövqeyini qoruyur. Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasi fəaliyyət və irəli sürdüyü təşəbbüslər nənki qəbul olunur, həmçinin icra olunur. Bununla yanaşı, Azərbaycanın irəli sürdüyü təklif və təşəbbüslər türk dünyasının inkişafına da öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri bu istiqamətdə əməkdaşlığın tərkib hissəsinə daxildir. Nəzərə çatdıraq ki, 2022-ci ilin aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda səfərdə olarkən Prezident İlham Əliyevlə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar. Bu Bəyənnamənin praktik baxımdan icrası üçün Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şura yaradılıb.
Bişkekdə Prezident İlham Əliyevin və Prezident Sadır Japarovun iştirakı ilə məhz Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud və geniş tərkibdə iclasları keçirilib. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında bildirib ki, bu gün Türk dünyası yeni potensial əldə edir: “Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq”.
Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasları başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bu imzalanmış sənədlər iki dövlət arasında siyasi, ticari-investisiya və digər sahələrdə fəal əməkdaşlığın inkişafını daha da sürətləndirəcək.
Bu gün Qırğızıstan Azərbaycanla iqtisadi sahədə də əməkdaşlığa maraqlıdır. Bu baxımdan imzalanmış sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” diqqət çəkir. Bişkekdə sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılmasının önəmini xüsusi vurğulayıb: “Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək”.
Azərbaycanla Qırğızıstan arasında mədəni-humanitar sahədə də əlaqələr inkişaf etməkdədir. Prezident İlham Əliyevin Qırğızıstan səfəri çərçivəsində iki dövlət arasında dostluq rəmzi olaraq Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışı bunun bariz nümunəsidir. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı xüsusi qeyd edilməlidir. Səfər zamanı 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günləri, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəlinib. Bu haqda cənab Prezident deyib: “Artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunub. “Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək”.
Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı nəticəsində müxtəlif istqiamətlərdə əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. İki dövlət və xalq arasında dostluğun və əməkdaşlığın dərinləşməsinə töhfə verən rəmzi layihələrin mühüm əhəmiyyəti vardır. Bütün bunlar Azərbaycanla Qırğızıstanın ikitərəfli münasibətlərinin gələcək inkişafına çox müsbət təsir edəcək

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki