image-reklam-veteninfo
image-asifbackend

Azərbaycan rəqəmsal inkişaf sahəsində aydın strateji hədəflərə malikdir

image-reklam-veteninfo

Asif Əsgərov

Milli Məclisin deputatı

Dünyada baş verən texnoloji dəyişikliklər dövlətlərin inkişaf strategiyalarını köklü şəkildə yeniləyir. Rəqəmsal texnologiyalar artıq yalnız informasiya mübadiləsini sürətləndirən vasitə deyil, dövlət idarəçiliyinin səmərəliliyini artıran, iqtisadi inkişafı stimullaşdıran, milli təhlükəsizliyi gücləndirən və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldən əsas amilə çevrilib. Süni intellekt, innovasiya, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik müasir dövrün inkişaf prioritetləri sırasında xüsusi yer tutur. Bu reallığı vaxtında nəzərə alan Azərbaycan son illər rəqəmsal transformasiya istiqamətində genişmiqyaslı islahatlar həyata keçirərək regionun texnoloji inkişaf mərkəzlərindən birinə çevrilmək yolunda inamla irəliləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş inkişaf strategiyasında rəqəmsallaşma iqtisadiyyatın şaxələndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması baxımından əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Məqsəd rəqəmsal texnologiyaları həyatın bütün sahələrinə tətbiq etməklə daha çevik, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq, eyni zamanda innovasiya əsaslı iqtisadi inkişafı təmin etməkdir.

Bu istiqamətdə cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul olunan qərarlar xüsusi əhəmiyyət daşıyır. Həmin müşavirədə rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, süni intellekt texnologiyalarının geniş tətbiqi və kibertəhlükəsizliyin yeni səviyyəyə yüksəldilməsi ilə bağlı mühüm tapşırıqlar verilib. Eyni zamanda, rəqəmsal inkişaf sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə institusional idarəetmənin daha da təkmilləşdirilməsinə imkan verib. Artıq rəqəmsallaşma, innovasiya, kibertəhlükəsizlik və süni intellekt istiqamətlərində həyata keçirilən layihələr vahid strateji yanaşma əsasında əlaqələndirilir. Bu isə həm qərarların icrasını sürətləndirir, həm də dövlət resurslarından daha səmərəli istifadə olunmasına şərait yaradır.

Rəqəmsal inkişafın hüquqi və strateji əsaslarını müəyyən edən mühüm sənədlərdən biri Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”dır. Sənəddə qarşıdakı üç il ərzində dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, innovasiya ekosisteminin inkişafı və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi üzrə konkret tədbirlər müəyyən edilib.

İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da bu istiqamətdə həyata keçirilən islahatların koordinasiyası baxımından mühüm mərhələ olub. İclasda Fəaliyyət Planının icrası, qanunvericilik təşəbbüsləri, rəqəmsal dövlət xidmətlərinin inkişafı, təhsilin rəqəmsallaşdırılması və süni intellekt həllərinin tətbiqi ətraflı müzakirə edilib.

Bu gün rəqəmsal transformasiyanın əsas nəticələrindən biri dövlət xidmətlərinin vətəndaşlara daha rahat və operativ şəkildə təqdim olunmasıdır. “mygov” və “mygov Biznes” platformalarının inkişaf etdirilməsi nəticəsində müxtəlif dövlət qurumlarının xidmətləri vahid rəqəmsal platformada birləşdirilir. Bu yanaşma həm xidmətlərin keyfiyyətini artırır, həm də vətəndaş-məmur təmasını minimuma endirərək şəffaflığı daha da gücləndirir.

Proaktiv xidmətlərin tətbiqi isə rəqəmsallaşmanın yeni mərhələsini xarakterizə edir. Dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında vətəndaşlara pensiya, sosial ödənişlər və digər xidmətlərin avtomatik təqdim olunması müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən birinə çevrilir. Bununla yanaşı, “Yalnız bir dəfə” prinsipi bürokratik prosedurları əhəmiyyətli dərəcədə sadələşdirərək dövlət xidmətlərinin daha çevik göstərilməsini təmin edir.

İnnovasiya sahəsində həyata keçirilən islahatlar da ölkənin texnoloji inkişafında mühüm rol oynayır. Hazırlanmış qanunvericilik paketi startapların inkişafı, vençur kapitalı bazarının formalaşdırılması, “mələk investorlar” institutunun yaradılması, elmi tədqiqatların dəstəklənməsi və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün əlverişli investisiya mühitinin yaradılmasını nəzərdə tutur. Bu addımlar Azərbaycanın innovasiya potensialını daha da artırmağa xidmət edir.

Süni intellekt texnologiyalarının inkişafı istiqamətində də mühüm nəticələr əldə olunur. Dövlət xidmətlərində virtual köməkçilərin tətbiqi, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərində analitik həllərin genişləndirilməsi və yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması idarəetmədə yeni imkanlar yaradır. Süni intellekt texnologiyalarının tətbiqi həm dövlət xidmətlərinin operativliyini artırır, həm də qərarların daha dəqiq məlumatlar əsasında qəbul edilməsinə şərait yaradır.

Rəqəmsal inkişafın mühüm tərkib hissəsi olan kibertəhlükəsizlik sahəsində də sistemli islahatlar davam etdirilir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətə başlaması, kritik informasiya infrastrukturunun qorunması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna köçürülməsi və kibermüdafiədə süni intellekt texnologiyalarından istifadə Azərbaycanın rəqəmsal təhlükəsizlik imkanlarını daha da gücləndirir.

Təhsil sistemində aparılan rəqəmsallaşma prosesi də gələcəyin insan kapitalının formalaşdırılmasına xidmət edir. “Rəqəmsal məktəb”, “STEAM Azərbaycan” və “Rəqəmsal bacarıqlar” layihələri şagirdlərin müasir texnologiyalar üzrə biliklərinin artırılmasına, elektron təhsil xidmətlərinin genişləndirilməsi isə təhsilin daha əlçatan və keyfiyyətli olmasına şərait yaradır. Gələcək mərhələdə süni intellekt əsaslı fərdiləşdirilmiş təhsil modellərinin tətbiqi də nəzərdə tutulur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf siyasəti Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində reallaşdırılan ardıcıl islahatlar dövlət idarəçiliyinin müasir standartlara uyğunlaşdırılmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli təşkilinə və yüksək texnologiyalar əsasında dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Bu strateji yanaşma yaxın illərdə Azərbaycanın regionun aparıcı rəqəmsal iqtisadiyyat və innovasiya mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki