image-photo-2021-11-05-16-15-39-1backend

Azərbaycan Respublikasının Dövlət bayrağı günü

image-reklam_sirab_01

Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız bizim qürür mənbəyimizdir.
Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
Ümumilli liderimiz Heydər Əliyev demişdir ki, Bayrağımız – Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib:
“Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır.İkinci Şəhidlər xiyabanında dəfn edilən Azərbaycan torpaqlarının müdafiəsində qəhrəmanlıqla şəhid olmuş milli qəhrəmanlarımız Mübariz İbrahimov və Fərid Əhmədovun cənazələri üçrəngli bayrağımıza bürünmüşdür. Dəfn mərasiminə axışanların əllərində bayraq dalğalanırdı. Bayrağa bürünənlər də vardı. Həmin gün şəhid itkisini yaşayan millətimizə torpaqlarımızın düşmən taptağından tezliklə xilas ediləcəyinə inam aşılayaraq təsəlli verirdi.Və elədə oldu. Mübariz kimi igidlərimiz müharibədən qorxmadılar.Əksinə bütün gənc oğullarımız həvəslə döyüşə gedirdi.Ancaq onlar bilmirdilər ki,kimisi şəhidlik zirvəsinə ucalacaq,kimisi qazi olacaq.Heç kim bunu bilə bilməzdi.Bunlari gözə alıb müharibəyə yollandılar Azərbaycanın igid oğulları. Azərbaycanın igid, cəsur oğulları həmişə vətənpərvər olmuş, düşmənimizə qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər.Doğulduqları və böyüdükləri vətən torpağı uğrunda canlarındı fəda etdilər. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlik zirvəsidir.Vətənimiz belə oğulları ilə tanınır və daima tanınacaq, belə oğulları ilə ucalacaq..Həmin igid oğullar bayrağımızı işğal olunmuş əraziyə sancanda çox qürur hissi keçirdirdilər.Əsgərlərimiz və zabitlərimiz həmişə Azərbaycan torpağının sərhədində müdafiə üçün hazır dayanırlar.Vətənpərvər oğullarımız bizim həm qürurumuzdur və tariximizi, qələbəmizi yazan vətən oğullarıdır. Qışın soyuğunda, qarında, yayın qızmar günəşində Azərbaycan ordusu sərhədlərinin keşiyində dayanaraq vətənimizi müdafiə edir. Üç rəngli bayrağımız yenidən həmin rayon və şəhərlərdə sonsuzadək dalğalanacaqdır. Dost dediyimiz dövlətləri sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqlədi.
Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir.Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin,tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.Əminəm ki, müstəqil Azərbaycanımız siyasi və iqtisadi cəhətdən möhkəmlənib bərqərar olduqca üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancılacağı məkanların sayı daha da artacaq. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.
Azərbaycan Dillər Universiteti
Humay Muradova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki