image-photo-2021-11-05-16-15-38-1backend

Azərbaycan Respublikasının dövlət bayrağı milli suverenliyin simvoludur

image-reklam_sirab_01

Bizim evimizdə nənəmdən qalma köhnə bir sandığımız var.Adətən evdəki ən dəyərli,qiymətli əşyalarımızı  bu sandığa qoyuruq.Anamın  qır-qızılı,babamın  Kərbəladan  gətirdiyi Qurani-Kərim gözümü açandan bu sandığda olub.Birdə  bu köhnə sandığda, Qurani-Kərimin  yanında,ütülənib-qatlanmış  üçrəngli bayrağımız olardı.Mən bu üçrəngli bayrağı  həmişə  bu sandığda-ən dəyərli şeylərin yanında  görmüşdüm.Çünki ailəmiz üçün,xüsusilə birinci Qarabağ müharibəsindən qazi olan atam üçün bu bayraq çox dəyərli idi.Buna görədə tozlanmasın,əl-ayaqdan uzaq olsun deyə burda Qurani-Kərimin yanında olardı.Ta ki,  2020-ci ilin 27 sentyabrına kimi.Həmin gün atam bayrağımızı  çıxarıb,həyətimizdə ən hündür yerə asdı.Elə bir yerə ki,oradan bu müqəddəs bayrağı kəndimizin hər yerindən görmək mümkün  olsun.Sonra günlər keçdikcə,torpaqlarımız qarış-qarış azad olunduqca evlərin pəncərələrindən, dirəklərdən asılan bayrağlar gündən-günə artdı.Bu qırx dörd günlük müharibədə kəndimiz  mavi,qırmızı,yaşıl çiçək açmış  çəmənə bənzədi.Şübhəsiz ki,bu bayraq çox mötəbər, nüfuzlu yerlərdə,beynəlxalq arenalarda,yarışlarda ən uca zirvələrdə dalğalanıb.Amma bunlardan hansı bir-birinin ardınca zəfər xəbərlərinin gəldiyi bir vaxta köhnə kənd evinin damında dalğalanan bayraq qədər  əzəmətlə,qürurla,fəxarətlə  dalğalana bilər?Həmin günlərdə  mən anladım ki, bayrağımızın yeri məhz ən uca yerlərdi.Qoy bu zirvələrdə dalğalandıqca bayrağımız  tozlansın,təki bayrağımız zirvələrdə tozlansın.Yurdumuzun sərt küləyi onu zədələsə,al günəşi rəngini soldursada olar.Yetər ki, bayrağımız zirvələrdə olsun.

Artıq müharibə çoxdan bitib amma bayrağımız yenə də həyətimizdə ən hündür yerdədir.Atam “bundan sonra burda qalsın,hər baxanda bizə qələbəmizi xatırlatsın” dedi.Doğurdanda müharibə çoxdan bitsə də  evlərin pəncərələrindən asılmış  bayağları görəndə insan o qürurlu günləri,tarixi zəfərimizi yenidən  xatırlayır.Gözlərimizin önünə  Şuşanın azad olunduğu gün küçələrin əllərində üç rəngli  bayrağımız olan insanlarla necə dolub-daşdığı gəlir.O günlərdə keçirdiyimiz həyəcanı  dalğalanan bayrağımızı görəndə  sanki bir anlıq yenidən keçiririk.

Ölkəmizdə  bayraq günü həmişə böyük  təntənə ilə qeyd olunub,amma bu il bayraq günümüzün təntənsi,əzəməti həmişəkindən daha böyükdür. 9 noyabrın  bayraq günü kimi qeyd olunmasına 2009-ci ildə qərar verilib.Amma 2009-cu ildə kim deyə bilərdi ki,bir vaxt gələcək bizim bayraq günümüz Şuşanın azad olunduğu günlə, zəfər günü ilə bir-birinə qovuşub bizə üç qat bayram secinci yaşadacaq.Bəli bu  bayraq günündə bayağımız daha əzəmətlidi.Çünki  artıq bu bayraq Şuşada,Laçında, Ağdamda, Cəbrayılda  dalğalanır.Bundan sonra müqəddəs bayrağımız zəfər günündə dalğalanacaq.Indi bayrağımız ərazi bütövlüyü bərpa olunmuş vətənimizin  hər yerində,hər bucağında milli suverenliyimizin simvolu kimi  dalğalanır və dalğalanacaq.Bayraq günün mübarək Azərbaycan,zəfər günün mübarək Vətən,bayrağımız zirvələrdən enməsin!

Nəsimi Rayon gənci Əliyeva Fidan.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki