image-photo-2021-11-11-18-41-32backend

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi

image-reklam_sirab_01

1995-ci il 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. Demokratik Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətimizin əsas qanunu 1995-ci il noyabrın 27-də Azərbaycan xalqı özünün dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında təsvir olunan maddələri əsas götürərək, bütün xalqın və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini xalqa  bəyan edir:

– Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

– Vətəndaş cəmiyyətinin bərpa edilməsinə nail olmaq;

– Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dünyəvi dövlət qurmaq;

– Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

– Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək, qüvvəyə minib.

Konstitusiyanın qəbulu müstəqillik dövrümüzün ən mühüm və vacib hadisələrindən biri olmaqla yanaşı , ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi., Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev əsas qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün qanunları özündə əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik qanunları özündə əks etdirməlidir. Dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına böyük güc verdi. Konstitusiya qəbul edilən gün-noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Azərbaycan Dillər Universitet – Fidan İbadova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki