image-elmir-mehdiyev-1backend

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir.

image-reklam_sirab_01

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər müstəqilliyimizin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. 1994-cü ildən sonra həyata keçirilən tədbirlər ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi mərhələnin əsasını qoymuşdur.
Hazırda, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyası, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı üzrə Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə fəaliyyət göstərir və Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin çoxtərəfli inkişafına mühüm töhfələr verməkdədir.
1993-cü ildən etibarən Türkiyə və Azərbaycan arasındakı ticarətin həcmi yüksək templə artmışdır. Həmçinin, Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biri hesab olunur. Belə ki, Türkiyənin ölkəmizdə fəaliyyət göstərən 13000-dən çox şirkəti hazırkı dövrədək iqtisadiyyatımıza təqribən 10 milyard dollar məbləğində investisiya yatırmışdır. Türkiyə şirkətləri əsasən enerji, inşaat, nəqliyyat, telekommunikasiya, səhiyyə, bank, sığorta, tekstil və qida sənayesi kimi sahələrdə fəaliyyət göstərməkdədir.
Son illərdə Azərbaycandan Türkiyəyə investisiya yatırımlarında nəzərəçarpacaq artım müşahidə edilməkdədir. Belə ki, hazırda Azərbaycan tərəfdən investisiya qoyuluşu ilə Türkiyədə 2000-ə yaxın şirkət fəaliyyət göstərməkdədir.
Digər tərəfdən, Azərbaycanın regional iqtisadi əməkdaşlığın inkişafına verdiyi böyük önəm və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Şərq-Qərb dəhlizinin önəmli hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir.
Vətən müharibəsindən sonra regionda yeni reallıqların formalaşması qardaş Türkiyə ilə iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində əməkdaşlığın yeni perspektivlərinin yaranmasına gətirib çıxarır. 2021-ci ilin 30 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək yeni bir dəhliz – Zəngəzur dəhlizi artıq beynəlxalq müstəvidə də “Zəngəzur dəhlizi” adı ilə təsbit edilmiş və aktuallaşmışdır. Bu dəhliz təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, o cümlədən region ölkələrinin çoxtərəfli ticari-iqtisadi əlaqələrinin daha da inkişaf etməsinə təkan verəcəkdir.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak etməsi, üstəgəl Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionda nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa əlaqəsini təmin edəcək və ticari-iqtisadi əlaqələrini daha da gücləndirəcək. Bununla da, Azərbaycanın geoiqtisadi əhəmiyyəti daha da yüksələcək.
Beləliklə, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin potensialı böyükdür və yeni reallıqlar üzrə yeni nəqliyyat və infrastruktur layihələrinin gerçəkləşdirilməsi təkcə Türkiyə və Azərbaycan üçün deyil, bütövlükdə regionumuzun iqtisadi həyatında önəmli yer tutacaqdır.
Elmir Mehdiyev
İqtisadçı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki