image-367128_res_01backend

Azərbaycan və Türkiyə qardaşlıq və dostluq əlaqələrinin zamini- Şuşa Bəyannaməsi!

image-reklam_sirab_01

15 iyun Azərbaycan xalqının tarixində ən dəyərli günlərdən biridir. Bu günü dəyərli edən əsas amil Ulu Öndərin ölkəmizi küllərindən yenidən doğrultmasıdır. Buna görə də Qurtuluş günü adlandırılan bu tarixi hadisə Azərbaycan xalqı yaşadıqca öz dəyərini itirməyəcəkdir.
Bu il 15 iyun tarixi digərlərindən daha fərqli və daha qiymətlidir. Çünki bu dəfə azad olunmuş, müqəddəs Qarabağ torpaqlarında, Şuşada keçirilir. Bu dəyərli gündə həm sevincimizə, həm dərdimizə şərik olan qardaş ölkə Türkiyə də bizimlə bərabərdir. Həm dövlət başçımız, həm də xalqımız üçün dostluğu və qardaşlığı dəyərli olan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri çərçivəsində Şuşanı ziyarət etməsi və hər iki dövlətin, hər iki xalqın tarixində xüsusi hərflərlə adı yazılacaq “Şuşa Bəyannamə” sinin imzalanması 15 iyun tarixini ikiqat xüsusiləşdirdi.
Millət vəkili Vüqar Isgəndərovun da dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni bütün sahələrdə birləşdirəcək, dostluğun, qardaşlığın ən böyük zirvəsi sayıla biləcək sənəddir. Biz bu bəyannamə ilə dünyaya bir sıra mesajlar verdik. Bir daha sübut olundu ki, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin hər zaman bütün məsələlərdə yanındadır.
Dünyada heç bir iki ölkə tapılmaz ki, Azərbaycan və Türkiyə kimi dost və qardaş münasibətlərə sahib olsun. Şuşa Bəyannaməsi bunu bir daha sübut etdi. Vətən Müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyi qınayanlar bir daha anlamış oldu ki, bu iki dövlətin dayanışması deyil, iki qardaşın birgə mübarizəsidir. Bu bəyannamə Azərbaycan və Türkiyə əlaqələrinin, qardaşlığının, dostluğunun ən böyük zaminidir. Iki ölkə arasında bundan əvvəl də tarixi sənədlər imzalanmış olsa da, bu bəyannamə əlaqələrimizin gələcəyə tam şəkildə daşınması üçün misilsiz rol oynayır.
Bəyannamədə beynəlxalq qanuna tərs heç bir nüans yoxdur. Bütün müddəalar BMT qətnamələrinə uyğun və münasibdir. Şuşa Bəyannaməsini imzalamaqla hər iki qardaş ölkə regionda qlobal sülhü, təhlükəsizliyi və sabitliyi qorumaq, türk dünyasının davamlı inkişafını təmin etmək, Azərbaycan və türk xalqının ortaq mənafeyini müdafiə etmək, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərilməsi öhdəliklərini qəbul etdilər. Ən əsası isə tərəflərdən hər hansı birinin ərazisinə başqa bir ölkə tərəfindən müdaxilə olunarsa, hər iki dövlətin Silahlı Qüvvələrinin birgə və əlaqələndirilmiş fəaliyyəti təmin olunacaq.
Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, azərbaycanlı həmkarı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birgə regionda sülhün qorunması üçün atılan bütün addımları dəstəkləyir: “Biz istəyirik ki, bu bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Və biz birlikdə hər cür fədakarlığa hazırıq”.
Şuşa Bəyannaməsi dünyaya böyük bir mesaj verir: “ Azərbaycan torpaqlarına qəsb edən hər kim olur olsun, qarşısında sadəcə Azərbaycanı deyil, Türkiyəni də görəcək. Həmçinin Türkiyə ərazilərinə müdaxilə etməyə çalışan ikinci ölkə və ya ölkələr Azərbaycanın Türkiyəni yalnız qoymamaq öhdəliyini üstləndiyindən xəbərdar olmalıdır”. Budur türkün dayanışması, budur türkün gücü!
Eyni zamanda Şuşa Bəyənnaməsi türk dünyasına da vacib bir mesaj verməkdədir:” Türk dünyası Azərbaycan və Türkiyə qardaşlığı modelini nümunə götürməli, böyük əraziləri məskən etmiş türk xalqlarının vəhdətini yaratmaq üçün çalışmalıdır. Türkiyə və Azərbaycan digər türk dövlətlərinə də eyni yardımı və dəstəyi göstərməyə daim hazırdır. Bunun üçün illərin əsarət qorxusuna qalib gəlmək, bir olmaq, birgə addımlamaq, bir yumruq ətrafında birləşmək gərəkdir”.
Ataların gözəl bir sözü var: “El bir olsa, dağ oynadar yerindən”. Bu gün Azərbaycan və Türkiyə öz qardaşlıq və dostluq əlaqələri ilə sübut edir ki, türk bir olsa, dünyanı oynadar yerindən. Türk mədəniyyətinin dahi yazarı Məhəmməd Hadinin qızıldan dəyərli mürəkkəbi ilə yazdığı kimi:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe düvəldən
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Artıq bütün dünya bu reallığı qəbul edir və etməlidir ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin kökü sarsılmaz və dayanıqlıdır! Bu əlaqələrin kəsilməməsi və daimi inkişafı üçün atılan addımların qarşısı alınmazdır! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!
Azərbaycan Dillər Universiteti
Şəmilova Dünya Mərdan qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki