image-1601398567_51backend

Azərbaycan xalqının haqlı Qələbəsi

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin tarixi bəyanatı ilə 44 günlük İkinci Qarabağ müharibəsinə son qoyuldu. Bəyanat birmənalı şəkildə Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərini, düşmən Ermənistanın isə rəzil şəkildə məğlubiyyətini təsbit etmiş oldu. Bəyanatın imzalanmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza etdiyi müraciətlə 30 illik Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqını sevindirmiş oldu.
Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ermənilərin bu torpaqlara necə gəlib çıxmasını da xüsusi sübut etməyə və araşdırmağa ehtiyac yoxdur. 1805-ci ilin may ayında Rusiya ilə Kürəkçay müqaviləsini azərbaycanlı İbrahim xan imzalamışdı və həmin müqavilədə ermənilər barədə heç bir şey deyilmir. O da məlumdur ki, Qarabağa ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Ağdərə rayonunun Marağa kəndində abidə qoyulmuşdu. Üzərində ermənicə “Marağa-150” yazılmış abidə 1988-ci ildə Azərbaycana ərazi iddiaları başladan ermənilərin özləri tərəfindən dağıdılıb.
Belə faktlar tarixdə kifayət qədərdir və 30 ilə yaxın davam edən danışıqlar prosesində regionla bağlı həqiqətləri beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar və Minsk qrupunun həmsədrləri daha yaxından dərk etdilər.
Lakin bu müddətdə onların əksəriyyəti əsl həqiqətləri deməkdən uzaq oldu. Nəinki uzaq oldular, hətta münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğunu iddia etdilər. Onlar problemin ədalətli həllini, BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb etmədilər. Görünən o idi ki, bu prosesin məqsədi əslində ədalətin bərpa olunması deyildi, çünki belə olsaydı, çoxdan Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər olardı. Məqsəd zaman keçdikcə problemi xalqımıza unutdurmaq və torpaqlarımızın Ermənistana ilhaqına nail olmaq idi.
Prezident İlham Əliyevin müraciətində dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan öz Qələbəsi ilə bu münaqişəni həll etdi. Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etməklə Dağlıq Qarabağ problemini həll etdi.
Bununla da bölgədə yeni reallıq yarandı. Bu reallıq Azərbaycanın maraqları çərçivəsində, İlham Əliyevin şərtləri əsasında yarandı. Həm Ermənistan, həm də dünya erməniliyi bu reallıqla barışmağa məhkumdur. Ermənistanın kapitulyasiya aktı həm də bu reallığın hüquqi təsbitidir. Bu reallığın ən mühüm tərəfi odur ki, 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Başqa bir mühüm reallıq odur ki, Azərbaycan Cənubi Qafqazda erməni faşizminin qarşısını aldı və ona elə bir zərbə vurdu ki, heç vaxt başını qaldıra bilməyəcək.
Prezident İlham Əliyev həmişə qeyd edir ki, biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq. Nə qədər müasir silahlarımız olsa da, döyüşlərin qalibləri ordumuzun şəxsi heyətidir. Bu müharibədə Azərbaycan əsgərləri rəşadətlə döyüşdü, atalarının, babalarının yolunu davam etdirərək yeni qəhrəmanlıq nümunələri yaratdı, şəhidlik zirvəsinə ucaldılar. Torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Bu müharibədə mülki vətəndaşlarımız, qadınlar, yaşlılar, uşaqlar erməni terrorunun qurbanı oldular. Bütün dünya 44 gündə mülki insanların qətliamı ilə erməni qaniçənliyinin şahidi oldu.
Bütün bunlar Azərbaycan xalqının yaddaşına həkk olundu. Prezidentimiz , ali baş komandan cənab İlham Əliyev Ermənistanı diz çökdürməyə məcbur etdi.
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi
Əliyeva Zenfira Taleh qızı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki