image-1backend

Azərbaycan yeni qlobal bazarlara çıxır

image-reklam_sirab_01

Çağdaş dövrümüzdə qlobal iqtisadi bazarlara çıxış siyasi proseslər qədər strateji önəm daşımağa başlayır. Beynəlxalq gərginlik, dünyanın müxtəlif bölgələrində alovlanan müharibələr, terror və digər hadisələr təbii, mövcud nəqliyyat-enerji xəritəsinə, təbii resurslar və xammal mənbələri uğrunda mübarizə prosesinə öz təsirini göstərir. Odur ki, iqtisadi zənginliyə və əlverişli coğrafi mövqeyə malik dövlətlər bu imkanlardan maksimum dərəcədə yararlanmağa, dünya iqtisadiyyatı və ticarətində həlledici rolunu oynamağa çalışır. Şübhəsiz, burada təhlükəsizlik amili ön planda durur.

Müstəqilliyini cəmi 30 il bundan öncə qazanmış Azərbaycan dövləti də artıq bu prosesin mühüm tərkib hissəsinə çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiya tək Avropa İttifaqı və postsovet məkanı deyil, artıq ərəb dünyası, Afrika qitəsi, digər tərəfdaşlarla da əməkdaşlıq arealını əhatə etməkdədir. Başqa sözlə desək, əgər Azərbaycanın ənənəvi enerji məhsulları üçün əsas istiqamət və bazar Avropa idisə, qeyri-neft sektoru üçün Yaxın Şərq ölkələri, Pakistan, Çin və Afrika regionu həlledici bazara çevrilir.
Əlbəttə, Prezidentin komplimentar siyasəti, iqtisadi konsepsiyanın qarşılıqlı maraq prinsipləri üzərindən qurulması rəsmi Bakı ilə təmaslara isti yanaşan ölkələrin sayını da sürətlə artırır. Ötən həftə iki dövlət – öncə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif, daha sonra isə Afrika ölkəsi olan Qvineya-Bisaunun prezidenti Umaru Sisoku Embalonun respublikamıza səfərləri nümunəsində Azərbaycanın daha geniş coğrafiyada tanındığı və rəğbət qazandığının konkret nümunəsidir.

Azərbaycan-Pakistan dostluq əlaqələri uzun tarixə söykənir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Son illər ikitərəfli münasibətlərdə ciddi sıçrayış müşahidə olunur ki, bunun da obyektiv səbəbləri var. Ölkələrimiz eyni dinin, oxşar mədəni dəyərlərin daşıyıcılarıdır. Pakistan istər keçmiş Qarabağ münaqişəsi dövründə, istərsə də 44 günlük müharibə zamanı Azərbaycanın haqlı mövqeyini açıq şəkildə müdafiə edib. Tərəflərin maraqlı olduğu siyasi və iqtisadi gündəlik, sərmayə imkanları qarşılıqlı yaxınlaşmanı zərurətə çevirir. Və bunun konkret nümunəsi kimi, yaxın günlərdə müxtəlif istiqamətləri əhatə edəcək strateji layihələrin həyata keçiriləcəyi gözlənilir.

Pakistan baş nazirinin sonuncu Bakı səfəri zamanı ölkələrimiz arasında 10-dan artıq sazişin imzalanması gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradır. Ən çox da enerji sahəsində… İki dost ölkə enerji ilə bağlı infrastruktur layihələrin icrasına böyük maraq göstərir ki, bu da gələcəkdə praktik əməkdaşlıq elementinə çevriləcək. Ümumilikdə, imzalanmış sənədlərin xarakteri və dinamikası ölkələrimiz arasında sıx münasibətlərin real zəmin üzərində qurulduğunu göstərir. Hazırda Azərbaycan və Pakistan arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə məhsuldar əlaqələr üçün böyük potensial var. Azərbaycan tərəfindən Pakistan iqtisadiyyatına 2 milyard dollar investisiyanın yatırılması isə ikitərəfli iqtisadi münasibətlərdə yeni mərhələ olacaq. Prezident İlham Əliyev deyir ki, Sitat. “Biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir”. Sitatın sonu.

Şübhəsiz, Pakistan iqtisadiyyatına yatırılacaq 2 milyard dollarlıq investisiya hər iki ölkəyə dividendlər gətirəcək. Bu hadisə ticarət və investisiya münasibətlərində ilk keyfiyyətli sıçrayış olacaq. Prosesdə iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes-forumların müstəsna rolu olacaq. Çünki, məhz biznes-forumlar çərçivəsində yeni bazarlar və həmin bazarların daha çox tələbat duyduqları məhsullar müəyyənləşir. Yeni bazarlara uğurlu giriş isə əlbəttə, həmin bazar haqda məlumatlı olmaqdan çox asılıdır. Azərbaycan və Pakistan yaxşı siyasi münasibətlərə sahib olsalar da, 14 milyon dollara bərabər ticarət dövriyyəsi siyasi əməkdaşlıq səviyyəsinə uyğun gəlmir. Lakin Azərbaycan Ticarət Palatasının İslamabadda, Pakistan Ticarət Palatasının isə Bakıda nümayəndəlik təsis etmələri, iki palatanın sıx əməkdaşlığı qarşılıqlı məlumat mübadiləsi və potensial sərmayəçilərə əlavə informasiyaların verilməsində əhəmiyyəli rol oynayacaq.

Nəqliyyat əlaqələrinə gəldikdə, beynəlxalq daşıma dəhlizlərinin ayrılmaz hissəsinə çevrilən Azərbaycan bu sektor üzrə infrastruktur imkanlarını sürətlə artırır. Nəticədə ölkəmiz həm iqtisadi inkişaf, həm də siyasi sabitliyin təminində mühüm üstünlüklər qazanır. Bu gün Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat layihələrində fəal iştirak edir. Bu isə bağlantı və daşımalar, iqtisadi inkişaf, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Artıq şübhə yoxdur ki, Bakıda imzalanmış sənədlər Azərbaycan və Pakistan arasında istər nəqliyyat, istərsə də enerji dəhlizləri məsələsində bağlantıların effektiv qurulmasına stimul verəcək.

Hesablamalara görə, 2050-ci ilə qədər Afrikada yaşayan insanların sayı 2,5 milyard nəfərə çatacaq. Fransanın “qara qitə”dəki neokolonial siyasətinin iflasa uğraması ilə regiona maraq göstərən supergüclərin aktivləşməsi tezliklə Afrikada böyük layihələrin həyata keçiriləcəyindən xəbər verir. Bölgəni beynəlxalq güclər üçün cəlbedici edən ilk növbədə, onun iqtisadi potensialı, yeraltı sərvətləridir. Məsələn, dünya dağ-mədən sənayesinin 25 faizi Afrikada cəmləşir. Bura almaz, qızıl, uran, nadir metal yataqları ilə zəngindir, hətta konkret regionlarda neft ehtiyatlarının olduğu bildirilir. Afrika bəzi məhsullar üzrə dünya resurslarının 30 faizindən çoxuna sahibdir. Məsələn, kənd təsərrüfatına yararlı torpaqların 60 faizi “Qara qitə”nin payına düşür.
Əlbəttə, bu kimi iqtisadi göstəricilər Azərbaycan üçün də cəlbedicidir və rəsmi Bakı Afrikanın bir çox ölkələri ilə səmimi münasibətlər quraraq iqtisadi layihələr həyata keçirmək niyyətindədir. Məsələ ondadır ki, Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizlə yaxın əməkdaşlıq edən Afrika dövlətləri bu əməkdaşlığı ikitərəfli formatda da davam etdirməkdə maraqlıdırlar. Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var. Azərbaycan Afrika dövlətlərinə hərbi təyinatlı məhsulların ixracında da maraqlıdır. Daha bir mühüm istiqamət humanitar yardımlarla bağlıdır. Hazırda Azərbaycan Afrikaya humanitar yardım göstərən ilk 20 ölkə arasında yer alır. Konqo, Somali, Mərakeş, Əlcəzair, Cibuti və digərləri Bakı ilə təmaslarda daha çox irəliləyişə nail olublar. Ötən həftə Qvineya-Bisau liderinin Azərbaycana rəsmi səfərindən sonra şübhəsiz, bu Afrika dövləti də respublikamızın əsas ticarət tərəfdaşlarından birinə çevriləcək. İki ölkənin beynəlxalq təşkilatlar – o cümlədən, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsindəki əlaqələri nümunəvi səciyyə daşıyır. Qvineya-Bisau İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrə hər zaman dəstək verib. Rəsmi Bakı isə koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 100 min dollar həcmində yardım göstərib.

Beləliklə, ötən həftənin iki mühüm hadisəsi və iki dövlət liderinin Bakıya səfərləri bir daha göstərdi ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin beynəlxalq aləmdə harizmatik lider, praqmatik şəxs imici ölkəmizlə iqtisadi sektorda əməkdaşlıq etmək istəyən dövlətlərdə inam və etimad formalaşdırır. Bir sözlə, Asiya və Afrika regionu Azərbaycanın gələcək iqtisadi tərəfdaşları sırasında layiqli yerini almaqdadır.

Əlibala Məhərrəmzadə

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image