“Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusunda konfrans keçirilib.
APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid mediamızın keçdiyi tarixi yoldan danışıb.
Qeyd edib ki, bu gün hər kəs əlindəki mobil telefonla informasiya yayımçısı ola bilər. Lakin peşəkar jurnalistlər informasiya ilə davranmaq barədə cəmiyyətə nümunə olmalıdırlar.
Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb.
“Azərbaycan Respublikası Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər media subyektlərində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun vacib addım idi. Yeri gəlmişkən xatırlatmaq istərdim ki, ötən il Milli Mətbuat Günündə Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumda cənab Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə müraciətində qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdlərini doğuran səbəblər və çıxış yolları barədə tövsiyələr öz əksini tapıb.
Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətə çevrildiyi üçün müxtəlif səviyyələrdə dezinformasiya savaşının hədəfinə gəlib. Çıxış yolu isə Azərbaycan mediasının güclü olması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində sayıqlığımızı və fəallığımızı artırmaqdır. Cənab Prezidentin sözlərinə istinad etsək, “vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”.
Əhməd İsmayılov onu da qeyd edib ki, ifadə və söz azadlığının yüksək səviyyədə təmin olunduğu ölkəmizdə dövlətin media sferasına hər hansı inzibati müdaxiləsi mövcud deyil.
“Əksinə media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb. Agentliyin Nizamnaməsi ilə tanış olduqda onun yalnız medianın inkişafı yönümlü səlahiyyətlərinin olduğunu müəyyənləşdirmək çətin deyil. Mediaya yanaşmada dövlətin siyasi xəttinin fəlsəfəsi “Media haqqında” Qanunun ruhunda əks olunub. Belə ki, Qanunun “Media azadlığı” adlı 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyət azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. “Jurnalist fəaliyyətinin təminatı” adlı 6-cı maddəyə görə isə jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən yüksək səviyyədə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır. Qanunun məqsədi daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi və medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması yolu ilə yerli medianın inkişafına təkan verilməsi və informasiya mühitinin rəqabətliliyinin artırılmasından ibarətdir. “Media haqqında” Qanun beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Qanunun ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılmış, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb” – deyə o bildirib.
Daha sonra Mətbuat Şurasının İdarə heyətinin üzvləri Müşfiq Ələsgərli, Ceyhun Musaoğlu, Azər Həsrət, Aqil Ələsgər, Elçin Mirzəbəyli çıxış edib, medianın mövcud problemlərindən bəhs ediblər.
Sonda Mətbuat Şurasının Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bəyanatı səsləndirilib.