Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında bu gündən etibarən Azərbaycanda ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
O bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır:
“Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Bu səbəbdən iclasda ov mövsümünün dekabrın 1-dək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə qərar verilib”.
A.Babayeva qeyd edib ki, monitorinqlərin nəticəsindən asılı olaraq ov mövsümünün müddətinin uzadılıb-uzadılmaması məsələsinə növbəti aylarda baxılacaq:
“Ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib. Ov mövsümündə vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırırıq”.