image-turkan-bayramovabackend

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və parlaq qələbəsi

image-reklam_sirab_01

Bu günlərdə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin birinci ildönümünü böyük sevinc və xoşbəxtliklə qeyd edir. Hər birimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı bu parlaq qələbədən haqlı qürur və fəxarət hissi keçiririk.

 

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş və qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Bu tarixi qələbə sayəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir.
Sentyabrın 27-də başlayan Vətən müharibəsi cəmi 44 gün çəkmiş və Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Ermənistan ordusunun tam məğlubiyyəti ilə başa çatmışdır. Ermənsitan bu məğlubiyyət nəticəsində kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə də qazanılan qələbə ilə başa çatmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. Nəhayət, 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoymuş, Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edilmiş, 2020-ci il dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılmışdır. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır.
Şübhə yoxdur ki, biz bu Zəfərdən danışarkən bir sıra amilləri mütləq şəkildə qeyd etməliyik. Qələbəni şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanda mövcud olan, Vətən müharibəsi dövründə isə daha da möhkəmlənən və sarsılmaz bir gücə çevrilən xalqımızın birliyidir. Xalqımız öz lideri və Ordumuzun ətrafında bir yumruq kimi birləşərək, bütün dünyaya gücünü göstərmişdir. Heç də təsadüfi deyil ki, Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev də Azərbaycan xalqının birliyinin, hər bir vətəndaşımızın dövlətimizə, Ali Baş Komandana və Azərbaycan Ordusuna sarsılmaz dəstəyinin önəmini xüsusi vurğulamış, bu tarixi Zəfərin bizim hamımızın Qələbəsi olduğunu bəyan etmişdir. Digər mühüm bir amil Azərbaycanın iqtsadi gücü, ciddi iqdisadi və maliyyə resurslarına malik olmasıdır. 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz Ulu öndər tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf strategiyası 2003-cü ildən sonra möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun və ardıcıllıqla həyata keçirilmiş, bu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edərək, dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və geniş bir bölgədə söz sahibinə çevrilmişdir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanaqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuşdur. Azərbaycan heç bir beynəlxalq donor təşkilatdan asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündədir.
Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır. Milli ordumuzda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Ordunun döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət ayrılmışdır. Orduda vətənpərvərlik ruhu daha da yüksəlmiş, fədakar, böyük bacarığa və şücaətə malik ordu formalaşmışdır. Bununla yanaşı, son illərdə Ordumuzun maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, Silahlı Qüvvələrimiz ən müasir döyüş texnikaları ilə, silah-sursatla təmin olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin etmiş, qısa müddətdə silah, hərbi sursat istehsalına başlanılmışdır. Görülən məqsədyönlü tədbirlər nəticəsində dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun texniki imkanları böyük dərəcədə artmış və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik.
Beləliklə, Ali Baş Komandanın yüksək liderlik bacarığı və yenilməz iradəsi, xalqımızın sarsılmaz birliyi, ölkəmizin güclü iqtisadi və maliyyə imkanları, qüdrətli ordumuzun yüksək döyüş bacarığı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən mühüm şərtlərdir. Azərbaycan bu qələbə ilə Dağlıq Qarabağ münaqişəsini həll etmiş, özünün ərazi bütövlüyünü və beynəlxalq hüququ bərpa etmişdir. Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulmuşdur və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalmışdır. Azərbaycanın üçtərəfli bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün bütün lazımi addımları atır.
Əlbəttə, torpaqlarımızın azad olunması həm ölkəmizin, həm də bölgənin qarşısında yeni perspektivlər açmışdır. Postmünaqişə dövründə sülhün təmin olunması və saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması hazırda Azərbaycan dövlətinin qarşısında dayanan prioritetlərdir. Baxmayaraq ki, azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün infrastruktur, yaşayış binaları, evlər, tarixi, mədəniyyət abidələri tamamilə dağıdılmış, talan edilmişdir, işğaldan azad olunmuş ərazilərimizin də ən yüksək səviyyədə yenidən qurulacağına, şəhər və rayonlarımızın bərpa olunacağına hər birimiz əminik. Azərbaycan bundan əvvəl də, Vətən müharibəsi dövründə də bütün dünyaya sübut etmişdir ki, o, qüdrətli dövlətdir və qarşısında duran bütün vəzifələri yerinə yetirmək gücündədir. Artıq genişmiqyaslı bərpa işlərinə start verilmiş və quruculuq işləri, infrastruktur layihələri uğurla həyata keçirilməkdədir. İşğaldan azad olunmuş bütün şəhər və rayonlarımızda yenidən bütün inzibati, ictimai binaların, məktəb və tibb ocaqlarının yaradılması, yeni küçələrin, parkların, xiyabanların salınması, yeni yaşayış evlərinin inşası istiqamətində gələcəkdə daha genişmiqyaslı tədbirlər görülür. “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası əsasında görüləcək işlər nəticəsində işğaldan azad olunmuş ərazilər yaxın gələcəkdə ölkəmizin dilbər guşələrindən birinə çevriləcək. Bölgənin zəngin yeraltı və yerüstü təbii ehtiyatlara malik olması, gələcəkdə əlverişli investisiya mühitinin yaradılması onun iqtisadi potensialını daha da artıracaqdır. Bununla yanaşı, bu ərazilərdə yaradılacaq müasir infrastruktur, yeni nəqliyyat dəhlizi bütün türk dünyasını birləşdirməklə, digər ölkələr üçün də əhəmiyyətli kommunikasiya imkanlarının meydana gəlməsini şərtləndirəcək. Füzulidə yeni beynəlxalq aeroportun inşası, gələcəkdə Zəngilan və Laçında da tikintisi davam edən beynəlxalq hava limanlarının istismara verilməsi regionun nəqliyyat imkanlarını daha da genişləndiriləcək. Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir: “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik”.
Bölgənin bərpası planlarının həyata keçirilməsinə Vətən müharibəsində bizə mənəvi dəstək vermiş dost və qardaş ölkələr də cəlb edilir. Bu yaxınlarda biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzulidə beynəlxalq hava limanını açmalarını, Zəngilanda Zəngəzur dəhlizinin təməlini qoymalarını, digər böyük layihələrin icrasına xeyir-dua vermələrini böyük sevinc hissi ilə izlədik. Əminliklə söyləyə bilərik ki, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgə Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.
Münaqişənin aradan qalxmasından sonra Azərbaycan hökuməti üçün prioritet vəzifələrdən biri də şəhid ailələrinin, döyüşlər zamanı sağlamlığını itirmiş vətəndaşlarımızın yüksək diqqət və qayğı ilə əhatə olunmalarıdır. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, şəhid ailələri, müharibə əlillərinin dövlət tərəfindən mənzillərlə və fərdi evlərlə təmin olunması, sosial müdafiə tədbirlərinin daha da genişləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Möhtərəm Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən məsələlər, problemlər həllini tapır. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzil veriləcək. Möhtərəm Prezident İlham Əliyev tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.
Beləliklə, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və ən parlaq qələbəsinin ildönümünü həm böyük sevinclə, həm də böyük ümidlərlərlə qeyd edirik. Çünki möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bu qələbə sayəsində, milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Kərimova Tamilla Hüseynbala qızı,
Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki