image-seyxbackend

Azərbaycanın erməni faşizmi üzərində qələbəsi tərəqqipərvər dünya ictimaiyyətini sevindirir

image-reklam_sirab_01

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Zəfər çaldı, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qanı, canı bahasına Vətəninin azadlığı uğrunda canından keçən oğullarımız Şəhidlik zirvəsinə ucalaraq torpağı Vətən etdilər.
Azərbaycan xalqı başına gələn bütün müsibətlərə səbrlə yanaşaraq münaqişənin sülh yolu ilə həll olunacağı, regionda sülhün, sabitliyin bərqərar olacağı, haqqın, ədalətin zəfər çalacağı günü səbirsizliklə gözləmişdi. Lakin heç bir aparıcı beynəlxalq təşkilatlara, beynəlxalq vasitəçilərə məhəl qoymayan, atəşkəs rejimini dəfələrlə kobudcasına pozan, Azərbaycanın əzəli, əbədi torpaqlarını öz adlarına çıxan mənfur ermənilərin cavabını vermək zamanı artıq gəlib çatmışdı. Dəfələrlə “əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik”, – deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 2020-ci ilin sentyabr ayının 27-də əks hücum əməliyyatlarına başladı. Həmin gün Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan azadlıq istəyinin dünyaya bəyan edildiyi gün idi. Bu tarixi gün xalqımızı daha sıx birləşdirdi, mübarizə ruhumuzu daha da yüksəltdi. Azadlığı qanı ilə, canı bahasına qazanan mərd, qəhrəman oğul və qızlarımız sübut etdilər ki, Azərbaycan xalqının inam və iradəsini, azadlıq uğrunda mübarizə əzmini qırmaq, milli mənliyini alçatmaq mümkün deyil. Şanlı Azərbaycan Ordusu 44 gün ərzində böyük şücaət göstərərək 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı düşmən əsarətindən qurtardı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Vətən müharibəsi zəfərlə, xalqımızın Böyük Qələbəsi ilə başa çatdı.
Gerçəkdən də şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrum xalqdır. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq Vətənə döndü. Azərbaycan xalqının birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyi qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu. Möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik, qətiyyətli lider kimi hərb işinə də böyük bacarıqla rəhbərlik edən ölkə başçımız, eyni zamanda informasiya müharibəsində də sarsılmaz iradə göstərib xarici ölkələrin televiziya kanallarına, xəbər agentliklərinə dərin məzmunlu müsahibələr verərək Azərbaycan xalqının sülhsevər, sülhməramlı olduğunu bütün dünyaya bəyan etdi.
Budur, artıq Qələbəmizin 1 ilinin tamam olmasını təkcə Azərbaycan və dost ölkələr deyil, dünyanın faşizmdən zaval görmüş bir çox ölkələrində də qeyd edirlər. Buradan bəlli olur ki, biz Vətən müharibəsində qalib gəlməklə, yalnız öz torpaqlarımızı işğaldan azad etməmişik, həm də erməni faşizminə qalib gəlməklə bütün tərəqqipərvər dünya ictimaiyyətini sevindirmişik.
“İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb” – bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib. “Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq. – dövlət başçısı vurğulayıb.
Nə qədər ki, qüdrətli Azərbaycan var, nə qədər ki düşməni lərzəyə salan Dəmir Yumruq, qüdrətli Azərbaycan ordusu var, ölkəmiz və xalqımız daim sevinc, fərəh içərisində olacaq və bunu bütün dünya görməkdədir.

Əliabbas Salahzadə
millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki