image-04-2backend

Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur

image-reklam_sirab_01

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Müstəqil Azərbaycan türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən üçrəngli bayrağımız altında inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.  1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Ölkəmizdə dövlət rəmzlərinə hörmət və ehtiramın göstəricisi olaraq hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir.

Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

Bu il digər illərdən fərqli olaraq xalqımız bu əlamətdar günü daha qürür və fəxarət hissi ilə qeyd edir. Çünki, bu gün üçrəngli bayrağımız 30 ilə yaxın işğal altında qalmış və 44 günlük Vətən müharibəsi ilə azad etdiyimiz torpaqlarımızda da dalğalanır. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.

 

Aysel Mənsimova – YAP üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki