Cənubi Qafqazın iki ölkəsi arasında ciddi sülh gündəliyinin müzakirəsi çoxsaylı regional və kənar oyunçuları narahat etməkdədir. Söhbət sülhün bərqərar olacağı təqdirdə bölgədə baş verəcək ciddi geosiyasi dəyişikliyə reaksiyadan gedir. Regiondakı mümkün geosiyasi dəyişikliklər Ermənistan və Azərbaycanla qonşu olan İranın narahatlığını daha çox artırıb.
Birinci narahatlıq: Tehran köhnə müttəfiqi Moskvanın dominant güc olduğu regionda təsirini itirə biləcəyindən ehtiyat edir. Tehran Nikol Paşinyan hökumətinin Rusiyanı regiondan sıxışdırmaq və Qərbi dəvət etmək cəhdlərindən narazıdır və hesab edir ki, bu, “İranın şimal sərhədlərində yeni regional müharibəyə təhrik edəcək və nəticədə Türkiyənin müdaxiləsinə yol açacaq”.
Qafqaz və Mərkəzi Asiya siyasəti üzrə iranlı ekspert, doktor Həsən Beheştipur deyir ki, 2020-ci il müharibəsinin (II Qarabağ savaşının-C.Q) nəticəsi Rusiyanın xeyrinə olmayıb, Moskva sadəcə Cənubi Qafqazdakı mövqeyini qorumaq üçün yeni reallığa uyğunlaşıb: “Azərbaycan Türkiyə və İsrailin köməyi ilə status-kvonu dəyişdi. Rusiyanın üç səbəbdən bu dəyişikliklərə müqavimət göstərmək motivi yox idi: birincisi, o, yerlərdə vəziyyəti beynəlxalq status-kvoya uyğunlaşdırmalı idi; ikincisi, resurslar baxımından Moskva Ukraynaya üstünlük verməli idi; üçüncüsü, Paşinyan hökumətini qərbyönlü kimi qəbul edirdi. Sarkisyan kimi başqa bir Ermənistan prezidentinin manevr etmək üçün daha geniş imkanları ola bilərdi”.
İkinci narahatlıq: İran Azərbaycanın əsas ərazisini Ermənistan üzərindən Naxçıvana birləşdirəcək. Zəngəzur dəhlizinə qəti şəkildə qarşıdır. Tehran narahat olur ki, planlaşdırılan dəhliz rəqibin Türkiyəyə və Qərbə ticarət yolunu açacaq.
Brüsseldə yaşayan Cənubi Qafqaz üzrə ekspert, azərbaycanəsilli olsa da, ifrat iranpərəst baxışı ilə tanınan Eldar Məmmədov deyir ki, dəhliz faktiki olaraq İranın “şimal sərhədlərinin təhlükəsizliyini təhdid edəcək, onu [Rusiyaya] tranzit marşrutlarına çıxış üçün Ankara və Bakının xoş məramından asılı edəcək”.
Rusiyalı analitik Stanislav Tarasov da iddia edir ki, Tehran Bakı ilə Ankaranın regionda rolunun artmasından ciddi narahatdır və iddia edilir ki, Azərbaycan Rusiya və Ermənistan arasında parçalanmadan istifadə edərək Zəngəzur dəhlizini açmaq üçün Mehrini ilhaq edə bilər.
H.Behiştipurun dediyinə görə, İran ən yüksək səviyyədə sərt xəbərdarlıq edərək, geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Ermənistan-İran sərhədinin yoxa çıxmasına imkan verməyəcəyini bəyan edib. Nəticədə İran və Azərbaycan “Araz dəhlizi” kimi tanınan tranzit marşrutunun yaradılması barədə razılığa gəliblər: “Azərbaycan Zəngəzur dəhlizinin lehinə tarixi arqumentlər irəli sürməyə başlayanda İran qırmızı xətt çəkdi. İran status-kvonun əsaslı dəyişməsini, xüsusən də Ermənistanın Sünik vilayətinin ələ keçirilməsini qəbul etmək istəmir. İran bu müzakirəni Rusiya ilə təkbətək görüşlərə çıxarıb. Tehran Sünikin “işğalı” başlayacağı təqdirdə ordusunun sərhədi keçəcəyini bildirib və Rusiya bu mövqeyi qəbul edib”.
Məhəmməd Mehdi Məzaheri adlı digər iranlı ekspert “Arman Emroz” qəzetindəki məqaləsində Bakının Qarabağ bölgəsini “ilhaq etməsindən” sonra İran və Azərbaycan arasında ixtilafların artdığını, Zəngəzur dəhlizinə qarşı Araz dəhlizi təklif edildiyini bildirir: “Qarabağ Azərbaycana birləşdikdən sonra bir çox dövlətlər İranla strateji rəqabətə görə Zəngəzur dəhlizinin yaradılmasını istəyib”.
Şimal-Cənub dəhlizinə gəlincə, Behiştipur xatırladır ki, Azərbaycan hökuməti ABŞ-ın mümkün cərimələri ilə bağlı narahatdır. Rusiya isə ona qarşı sanksiyalar tətbiq olunana qədər dəhlizi heç vaxt ciddi qəbul etmirdi.
“New York Times”da mövzuya həsr olunmuş yazıda isə qeyd edilir ki, Cənub marşrutu indi Rusiya siyasətçilərinin daim diqqət mərkəzinə düşüb, çünki onlar Qərbdən dünyanın digər qütbünə dönmək planlarını həyata keçirmək üçün lazımi infrastruktur yaratmağa çalışırlar.
Üçüncü narahatlıq: İran Ermənistanla Türkiyə arasında normallaşmaya da qarşıdır. İki ölkə arasında normallaşma İran üçün İrəvanın Tehrandan asılılığını azalda biləcək və təlatümlü regionda daha çox Qərb təsirinə fürsət verəcək ssenari yarada bilər.
Almaniyanın aparıcı beyin mərkəzlərindən olan Elm və Siyasət Fondunun (SWP) İran üzrə eksperti Həmidreza Əzizinin fikrincə, regionda dəyişən dinamika və Rusiyanın nisbi təsirinin azalması İranın uzunmüddətli geosiyasi təhlükəsizliyi üçün potensial problemlər yaradır. Əzizi deyir ki, təklif olunan 45 kilometrlik dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqə yaratmaqla təkcə iki ölkənin regionda təsirini artırmayacaq, həm də İrandan yan keçəcək regional tranzit qovşağı kimi Tehranın potensial rolunu azaldacaq.
Ermənistan Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun baş eksperti Benyamin Poqosyanın bildirdiyinə görə, İran Ermənistana açıq xəbərdarlıq edib ki, Cənubi Qafqazda təkcə sərhədlərin dəyişdirilməsini deyil, həm də regionda qüvvələr balansının dəyişməsini özündə ehtiva edən geosiyasi dəyişikliklərə dözməyəcək.
Həm də B.Poqosyanın fikrincə, Ermənistan və Türkiyə münasibətlərinin normallaşması üçün ilk növbədə İrəvan və Bakı sülh sazişi imzalamalıdır. Amma Poqosyan deyir ki, Azərbaycan sazişi yalnız Ermənistan Bakının bütün tələblərini qəbul edəcəyi təqdirdə imzalayacaq. Bakının tələbləri arasında Zəngəzur dəhlizinin yaradılması da var.
Dördüncü narahatlıq: E.Məmmədov deyir ki, Tehran Bakının regionda artan təsirinin İranın Araz çayı ilə Azərbaycandan ayrılan Şərqi və Qərbi Azərbaycan vilayətlərində yaşayan etnik azəri əhali arasında “itirilmiş torpaqları geri qaytarmaq meyllərini” gücləndirə biləcəyinə də diqqət yetirir.
Bu qorxunu H. Beheştipur da bölüşür. Onun fikrincə, İran Azərbaycanın Qarabağdakı qələbəsini beynəlxalq status-kvonun bərpası, qurtuluş kimi qiymətləndirmək prinsipinə sadiqdir. “Bununla belə, İran Bakının Ermənistanın cənubuna, xüsusən də Qərbi Zəngəzur adlanan əraziyə dair tarixi iddialar irəli sürməsinə qarşıdır. Əgər əsassız tarixi iddiaları olan hər kəs sərhədləri dəyişsə, bu, dağınıq bir iş olacaq. Regionumuzda 50-dən çox millətin nümayəndəsi yaşayır”.
Rusiya-İran, yoxsa Qərb-İran əməkdaşlığı?
Müşahidəçilərə görə, bütün fikir ayrılıqlarına baxmayaraq, İran və Qərbin Ermənistanın suverenliyini dəstəkləməkdə maraqları üst-üstə düşür. E.Məmmədova görə, İranın Qərbin mövcudluğuna qarşı çıxması “rəsmi diskursda göründüyü qədər möhkəm olmaya da bilər”.
İranın “Tahririeh” nəşri də hesab edir ki, Qərbin İrəvanın hesabına regiona cəlbi İranı Ermənistana və regiona münasibətdə öz hesablamalarına korrektə etməyə məcbur edə bilər. Lakin S.Tarasov belə bir şəraitdə İrəvanın İranın hərbi-siyasi resurslarından istifadə edərək Ermənistan, Fransa, Yunanıstan və Hindistanın iştirakı ilə Rusiya və Türkiyəyə qarşı “Qafqaz İttifaqı” yaratmağa çalışdığını düşünür: “Bunun İrana heç bir faydası yoxdur”.
Rusiyalı ekspert deyir ki, İranın mövqeyi qəti şəkildə “regionda sərhədlərin dəyişdirilməsinin” əleyhinə olsa da, Ermənistanı öz “təhlükəsizlik çətiri” altına almağa hazır deyil, eyni zamanda Ermənistan üzərində Qərb çətirini qəbul etməyəcək. Odur ki, Ermənistan-Rusiya gərginliyini azaltmaq üçün təklif edilir: “Tehran, Moskva və İrəvan arasında üçtərəfli dialoq formatı yaradılsın. Sonrakı mərhələdə bura Nyu-Dehli də qoşula bilər…”
Almaniyanın “caucasuswatch.de” saytı isə qeyd edir ki, İran heç bir təhlükəsizlik alyansına daxil deyil və onun sərhədləri boyunca yerləşən yeddi dövlətin heç birinin təhlükəsizliyini təmin etmir. Ermənistanın timsalında İran özünün ənənəvi təhlükəsizlik normalarını poza bilər. Nazir Suren Papikyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyətinin martın 8-də Tehrana səfər etməsinin səbəbi budur.
H.Beheştipur sayta müsahibəsində İranın ABŞ-dan gözləntilərini də dilə gətirir: “İranın regionda “öncə region” siyasəti əslində Tehranın Vaşinqtonun qlobal “iransızlaşdırma” siyasətinə cavabıdır. İran və ABŞ öz məsələlərini həll edib nüvə anlşamasına əməl etsəydilər, Mərkəzi Asiya və Əfqanıstanda status-kvo fərqli olardı.
Xatırladaq ki, ABŞ-la anlaşaraq Qafqaz və Orta Asiyada əsas regional qüvvə olmaq iddiasını reallaşdırmaq çağırışları hələ II Qarabağ savaşının gedişində-Azərbaycanın qələbəsi və regionun güclər nisbəti dəyişəcəyi yəqinləşəndən sonra səslənməyə başlamışdı. Görünür, bu çağırışlar yenidən aktuallaşır.
Cəmaləddin Quliyev, siyasi ekspert