31 mart – Azərbaycanlıların Soyqırımı Günü – Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla əbədi həkk olunmuşdur.
Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı qanlı soyqırımı aksiyası nəticəsində minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilmişdir, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşmüşdür.
1918-ci ildə mart aylarında Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırımda erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı doğma torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.
1918-ci il martın 30-u gecə saatlarında erməni bolşevik dəstələri Bakıda kütləvi qırğınlar törədərək 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsinə səbəb olmuşdur. 1918-ci ilin müxtəlif aylarında baş verən siyasi hadisələrini araşdırarkən əldə olunan faktiki materiallar sübut etmişdir ki, ermənilərin Azərbaycanın əhalisinə qarşı törətdikləri soyqırımı siyasəti məqsədli şəkildə olmuşdur.
Eyni zamanda, Azərbaycan tarixinin qanlı səhifələrindən biridə Quba soyqırımıdır. Erməni-bolşevik silahlı dəstələrinin tərəfindən Quba şəhəri dağıdılana qədər burada təxminən 20 minə yaxın əhali və 10 minə yaxın ev olmuşdur. Azərbaycanlılara məxsus iki yüzə yaxın ev və başqa tiklilər dağıdılmış və yandırılmışdı. Ümumilikdə isə, erməni bolşeviklərinin himayəsi ilə silahlı dəstəsi Quba qəzasının 160-dan çox kəndini dağıtmış, 16 mindən çox dinc insanı amansızcasına qətlə yetirmiş, onların əmlakını qarət etmiş və evlərini yandırmışdır.
“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası prezidenti Heydər Əliyev 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı bildirmişdir ki, “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Həmçinin, qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni- daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır, öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu.
Şamaxıda törədilən qətliam ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin tərkib hissəsi, həm də, tədqiqatlardan göründüyü kimi, ən dəhşətlisidir.
Milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırım aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
Ölkə başçımız İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atmış və atmaqdadır.
Habil Məmmədov
Siyasi ekspert