image-1backend

Bakıda Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

image-reklam_sirab_01

Məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa təşkilatçılığı müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə iyulun 17-18-də Bakıda birinci Qurultay keçirilib.

Vətəninfo.az xəbər verir ki, iki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin – Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.

Qurultayda iştirak edən 17 Fransa və Niderland koloniyalarının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzaladılar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqlədilər.

Bəyannamədə ölkəmizin dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb və Azərbaycana minnətdarlıq ifadə olunub.

Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.

Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın, vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

Hazırda müstəmləkə altında yaşayan digər ərazilər üçün üzvlüyə açıq olacaq Cəbhə Fransa koloniyalarının dekolonizasiya prosesində səylərini birləşdirməyə və öz müqəddəratlarını təyin etmə məsələlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır. Bundan başqa, Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən Fəaliyyət Planının və gündəliyinin hazırlanması və beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələr nəticəsində mümkün olub.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image