2024-cü ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, onların 88,6 faizinin açılması təmin olunub:
“Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə törədilən 24 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.
Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə və israf etmə, qaçaqmalçılıq, ekoloji cinayətlərin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hadisələrinin sayında isə artım müşahidə olunub.
Ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 124 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 89 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3256 cinayət işinin istintaqı tamamlanaraq, 2570 iş məhkəmələrə göndərilib”.