Müasir dünyada qlobal siyasət özünün ən həssas və dəyişkən dövrünü yaşayır. Belə bir şəraitdə dövlətlərin yürütdüyü xarici siyasət kursu, səsləndirilən bəyanatlar və strateji yanaşmalar təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük əks-səda doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə Bakıda keçirdiyi mətbuat konfransı da məhz bu kontekstdə yeni geosiyasi reallıqların və Azərbaycanın qlobal məkandakı rolunun növbəti təsdiqi kimi yadda qaldı.
Azərbaycanın bir zamanlar işğal altında olan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, ölkəmizi regionda prosesləri müəyyən edən əsas aktor qismində möhkəmləndirib. Prezident İlham Əliyevin mətbuat konfransındakı çıxışı da məhz bugücə və prinsipial mövqeyə söykənirdi.
Prezident İlham Əliyevin ən vurğuladığı məqamlardan biri sülhün artıq bir arzu deyil, hiss olunan və yaşanan bir reallıq olması idi. “Sülh şəraitində yaşamağı öyrənirik” ifadəsi, Azərbaycanın münaqişə sonrası dövrdə regionda necə konstruktiv bir yol tutduğunun ən bariz göstəricisidir. Dövlət başçısı Ermənistana ünvanlanan sülh təklifinin strateji əhəmiyyətini bir daha qabartmaqla, Bakının Cənubi Qafqazı münaqişələrdən təmizlənmiş, əməkdaşlıq və tərəfdaşlıq məkanına çevirmək niyyətində olduğunu dünyaya bəyan etdi. Bu, təkcə qonşu dövlətə edilən çağırış deyil, həm də regionun təhlükəsizliyi ilə bağlı məsuliyyətini dərk edən liderin qlobal dünyaya verdiyi mesajdır. Azərbaycanın işğala son qoyaraq bərqərar etdiyi yeni status-kvo, regionda iqtisadi və siyasi inkişaf üçün geniş imkanlar açır.
Bakıdan verilən mesajların digər bir önəmli istiqaməti Azərbaycanın qlobal enerji və nəqliyyat sistemindəki kritik roludur. Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyində oynadığı müstəsna rol, ölkəmizin tərəfdaşlıq etdiyi dövlətlərin etibarlı və praqmatik tərəfdaşı olduğunu sübut edir. Prezidentin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıq təkcə keçid regionu deyil, həm də Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən mühüm strateji kəsişmələrindən birinə çevrilib. Naxçıvandan keçən dəmir yolu bağlantısı, Bakı limanının inkişafı və gələcəyin enerjisinə (yaşıl enerji) qoyulan sərmayələr, Azərbaycanın gələcəyə hesablanmış qlobal baxışının təzahürüdür.
Azərbaycan Prezidentinin Avropa Komissiyasının rəhbəri ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Bakı beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib və artıq baş verən proseslərə təsir göstərmək qüdrətinə malikdir. Müstəqil siyasət, milli maraqların qorunması və beynəlxalq hüquq normalarına sadiqlik, İlham Əliyevin yürütdüyü xarici siyasətin təməl sütunlarıdır. Bakıdan dünyaya verilən mesaj aydındır: Azərbaycan sülh və inkişaf tərəfdarıdır, lakin eyni zamanda öz suverenliyini və regiondakı liderlik mövqeyini bütün dünyaya qəbul etdirən güclü dövlətdir. Bu gün Azərbaycanın diplomatik qələbəsi, onun həm regional, həm də qlobal miqyasda oynadığı çoxşaxəli və balanslaşdırılmış rolda öz əksini tapır.


























