image-43backend

Bakının Sabunçu rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

image-reklam_sirab_01

“Azərsu” ASC Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində Bakının Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkar edib.

Veteninfo.az bu barədə quruma istinadən xəbər verir.

Araşdırmalar zamanı məlum olub ki, Zabrat qəsəbəsində 96 bölmədən ibarət istixana kompleksində içməli sudan qeyri-qanuni istifadə edilib. İstixana sahibi ərazidən keçən magistral su kəmərinə özbaşına qoşulma etməklə 100 mm diametrli xətt vasitəsilə qanunsuz su çəkib və uçotsuz istifadə edib.

Kürdəxanı qəsəbəsində üzlük daş sexində də sudan müqaviləsiz istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan içməli sudan istifadə edib.

Ət kəsimi və təndir sexində də su təchizatı özbaşına və qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

“Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 13 537, Sabunçu rayonu üzrə isə 2 540 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3,887 milyon və 797 min kubmetr sərfiyyat bərpa olunub. Sudan qanunsuz istifadə ilə bağlı 200 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki