Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb, 4-ü üzrə cinayət işi başlanılıb.
Vətəninfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub:
“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb”.
Baş prokuror K.Əliyev cinayətkarlığa qarşı mübarizədə prokurorluq və digər hüquq-mühafizə orqanlarına daim dəstək olduqları üçün media nümayəndələrinə təşəkkür edib.