image-ulvibackend

Bəzən uğurlarımızın miqyası “başqa səbəblərə görə” məzmunlu ifadələrin arxasında “gizlənir”

image-reklam_sirab_01

Beynəlxalq münasibətlərin böyük aktorları geosiyasi və geoiqtisadi rəqabətin indiyədək görünməmiş ən ziddiyyətli dövrünü yaşayır. Zaman-zaman bu rəqabət açıq düşmənçilik səviyyəsinə keçir, bəzi liderlərin siyasi leksikonunda bir-birini aşağılayan, təhqiramiz ifadələr tədricən adi hala çevrilir. Bir sözlə, böyük güclər İkinci Dünya müharibəsindən 78 il sonra bütün qırmızı xətləri yenidən aşmaq üzrədirlər. Müşahidə etdiyimiz geosiyasi reallıqlardan biri də budur ki, beynəlxalq hüquqa edilən təhdidlər sərhəd tanımır. Təəssüf ki, böyük aktorlardan bəziləri hansısa mifik maraqlarının təmin olunması naminə nəinki siyasi güc amilindən istifadəni məqbul hesab edir, artıq hərbi gücün tətbiqindən də çəkinmir. Dünya nizamının təhlükəsizliyini ciddi sual altına alan təmayüllərdən biri də ikili yanaşma siyasətinin geniş yayılmasıdır. Beləliklə, seçmə üsulu ilə selektiv yanaşma təcrübəsi də dünya nizamı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Real mənzərə ondan ibarətdir ki, geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək adı altında beynəlxalq hüququ heçə sayanlardan bir qrupu hərbi gücdən istifadəni yeganə yol hesab edir, buna qarşı hüquq müstəvisində ədalətli və sistemli müqaviməti təşkil etməli olan digər tərəf isə selektiv yanaşma kimi ziyanlı təcrübəni yayan ünvana çevrilir. Əslində isə mövcud vəziyyətə görə məsuliyyət geosiyasi qarşıdurmada iştirak edən bütün tərəflərin üzərinə düşür. Hansına az, hansına çox, bu, daha geniş müzakirənin predmetidir…

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev dünya nizamını çalxalayan bu təhlükəli tendensiyaları nəzərə alaraq, dönə-dönə vurğulayır ki, ölkənin iqtisadi müstəqilliyi təmin olunmadan, onun siyasi müstəqilliyini qorumaq çətindir. Güclü və dayanıqlı iqtisadiyyatı qurmadan, nə inkişafdan, nə sosial sabitlikdən, nə də digər mürəkkəb vəzifələrin uğurlu həllindən, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun yalnız daxili imkanlar hesabına yenidən qurulub dirçəldilməsindən söz açmaq sadəlövhlük olardı. Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə digər statistik göstəricilərlə yanaşı, bu iqtisadi rəqəmləri də səsləndirdi: “Biz müharibədən sonra heç kimdən yardım almamışıq… Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir… Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir”.

Bildirilib ki, güclü iqtisadiyyat həm də güclü ordu quruculuğu üçün geniş imkanlar deməkdir. Əgər Ulu Öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında bütün maneələri dəf edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına nail olmasaydı, Prezident İlham Əliyev isə həmin iqtisadi inkişaf konsepsiyasını Cənub Qaz Dəhlizi kimi yeni qlobal səviyyədə təsdiqləməsəydi, bu illər ərzində ölkəmizdə müasir tranzit-logistika infrastrukturu yaradılmasaydı, indi fəxr etdiyimiz Ordumuzdan da söz aça bilməzdik. Nəticədə isə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı olan məlum dörd qətnaməsi 27 ildən sonra da hələ neçə onilliklər ərzində kağız üzərində qalacaqdı, bunu bir Allah bilir. Sözsüz ki, iqtisadi uğurlar, ən başlıcası, müstəqil iqtisadi siyasət Azərbaycanı dünya dövlətləri üçün cəlbedici ünvana çevirir. Lakin səbəb təkcə bu deyil. Güclü iqtisadiyyatın şərtləndirdiyi müstəqil xarici siyasət öz növbəsində imkan verdi ki, Azərbaycan beynəlxalq münasibətlərin müstəqil və nüfuzlu subyektlərindən birinə çevrilsin. Ölkəmizin müstəqil siyasi xəttini bütün dövrlərdə qoruya bilmiş Prezident İlham Əliyev, elə bu səbəbdən, Azərbaycanın haqq səsini istənilən beynəlxalq kürsüdən dünya birliyinin diqqətinə qətiyyətlə çatdıra bilir. Azərbaycan Prezidentinin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında verdiyi bu mesajı da müstəqil xarici siyasətin çoxsaylı nümunələrindən yalnız biridir: “Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır… Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır”. Söhbət Ukraynadakı separatçılığa qarşı göstərilən ədalətli beynəlxalq yanaşmanın eyni mahiyyətli digər münaqişələrə münasibətdə sərgilənməməsindən gedir. Əgər ərazi bütövlüyünün və suveren hüquqların pozulması bir coğrafiyada haqlı olaraq cinayət sayılırsa, başqa ölkələrə də eyni münasibət olmalıdır. Erməni təbliğatına aldanaraq, coğrafiyaları fərqləndirmək yolunu seçən və bununla da selektiv yanaşmanı təşviq edənlər unutmamalıdırlar ki, mülki insanlarımızın Laçın yolunda keçirdikləri aksiya həm də suveren hüquqlarımıza edilən hörmətsizliyə dinc etirazdır. Bunu “humanitar blokada” kimi qələmə verənlər ya həmin ərazidən gündəlik keçən onlarla avtomobili görmürlər, ya da məqsədli şəkildə ayrı-seçkiliklə məşğul olur, selektiv yanaşma kimi ziyanlı dünya təcrübəsinə öz “töhfələrini” verirlər…

Beynəlxalq tərəfdaşlar ötən illər ərzində ölkəmizin de-yure olduğu kimi, de-fakto da müstəqilliyinə və etibarlı tərəfdaş mövqeyinə əmin olduqları üçün, Azərbaycan artıq üçüncü ildir ki, 120 dövləti birləşdirən Qoşulmama Hərakatına sədrlik edir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdəki çıxışında “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılması ilə bağlı bir gün əvvəl imzalanmış razılaşmanın əhəmiyyətini yüksək qiymətləndirərək, beynəlxalq auditoriyaya həm də bu mesajı verdi: “Təbii qaz ixracımız artır-ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.

“Azərbaycan Prezidentinin işlətdiyi “başqa səbəblərə görə” ifadəsinin arxasında iqtisadiyyatımızın yeni ekoloji təmiz sektorunun yaradılması təşəbbüsü ilə yanaşı, yəqin ki, bundan daha çox Avropa Komissiyası Prezidentinin şahidliyi ilə ötən dövrdə imzalanmış sazişlərin hədəflədiyi məqsədlər dayanır. Bu gerçəklik isə, ölkəmizin Avropa üçün əhəmiyyətli dərəcədə artmış rolundan irəli gəlir. Həmin gerçəkliyin arxasında Rusiya-Ukrayna müharibəsindən və COVID-19 pandemiyasından hələ çox illər əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş TAP və TANAP, nəhayət, Cənub Qaz Dəhlizi kimi qlobal layihələr dayanır. Bu həm də o deməkdir ki, gördüyümüz nailiyyətlərlə yanaşı, bəzən ölkəmizin ayrı-ayrı uğurlarının miqyası Azərbaycan Prezidentinin çıxışında səsləndirdiyi “başqa səbəblərə görə” məzmunlu ifadələrin arxasında “gizlənir”. Bugünkü Azərbaycanın beynəlxalq arenada oynadığı rolun həqiqi əhəmiyyətini bilmək üçün, bu gerçəkliyi də bilib dəyərləndirmək gərəkdir”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki