image-1678952053_bez-imeni-2backend

Böhtana qarşı ondan da güclü olan silahın adı həqiqətdir

image-reklam_sirab_01

44 günlük Vətən müharibəsindən ötən iki ildən artıq dövr ərzində görürük ki, Ermənistan işğal illərində olduğu kimi, yenə də imitasiya ilə, yəni, baş aldatmaqla məşğuldur. Sözdə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etsə də, əslində, riyakarlıq edir, hər fürsətdə ölkəmizin Xankəndi üzərində suverenliyini şübhə altına alan təhlükəli bəyanatlar səsləndirir, bununla kifayətlənməyərək, hərbi təxribatlara əl atır. Ermənistan hakimiyyəti münaqişənin bitmədiyi görüntüsünü yaratmaq, tarixi ərazimizi yenidən mübahisələndirmək  və Laçın yoluna beynəlxalq müşahidəçiləri cəlb etmək məqsədini güdür. Cəmiyyətimizin əsəblərini tarıma çəkən odur ki, Ermənistanın beynəlxalq hüquqa zidd olan bu cür riyakar siyasətini aparıcı dövlətlərdən və beynəlxalq təşkilatlardan bəziləri susqunluqla qarşılayır. Bəzən isə işğal dövründə olduğu kimi, işğalçı ilə işğala məruz qalanın  eyniləşdirilməsinə oxşar olan təhlükəli və ədalətsiz siyasətin təzahürlərini görməkdəyik. Belələri daha irəli gedərək, riyakarcasına Azərbaycanı günahkar çıxarır və ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edirlər. Bir daha yəqin edirik ki, Ermənistanın sülh danışıqları ilə bağlı imitasiya oyunlarının və mütəmadi olaraq törətdiyi təxribatların arxasında yalnız öz istəyi dayanmır. Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunda verdiyi bu mesaj da elə həmin siyasi reallıqdan irəli gəlir:

“Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər”.

Azərbaycan Prezidenti bu açıqlaması ilə ona işarə etdi ki, 28 il ərzində Minsk qrupunda iştirak edən vasitəçilərdən bəziləri tərəfsizliyi gözləmədiyi kimi, hazırda da qeyri-səmimi sülh təşəbbüslərini görmək mümkündür. Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı olan məlum dörd qətnaməsinə 27 il ərzində həm də bu cür səbəblərə görə məhəl qoymadı. Buna baxmayaraq, həmin dövrdə ona qarşı heç bir beynəlxalq sanksiya tətbiq edilmədi. Əksinə, uzun illər ərzində Ermənistanın danışıqlar masasındakı imitasiya oyunlarına və münaqişəni dondurmaq cəhdlərinə ya göz yumuldu, ya da bağlı qapılar arxasında ona şirnikləndirici və təhrikedici vədlər verildi. Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra vasitəçilərdən bəzilərinin maskası söküldü, onlardan hansının Ermənistanı “sevimli bacısı” qismində əzizlədiyi, hansının isə onun üçün silah və ya maliyyə donoru qismində iştirak etdiyi üzə çıxdı. Son 30 ildə cəmiyyət olaraq onu da gördük ki, BMT Təhlükəsizlik Şurasının ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, bu, baş vermədi. İndi isə onu müşahidə edirik ki, Ukrayna ərazisində baş qaldıran və ya kənardan idarə olunan separatçılığı birləşmiş Qərb nəinki yolverilməz hesab edir, hətta Rusiyaya qarşı genişmiqyaslı sanksiya siyasətini həyata keçirir. Halbuki, eyni qətiyyəti və bu sanksiyaların çox cüzi bir hissəsini belə, bu illər ərzində Ermənistana qarşı görmədik. Elə buna görə də müharibədən sonra Ermənistan hakimiyyəti gah bəyan edir ki, ölkəmizin ərazi bütövlüyünü tanıyır, gah da Qarabağdakı erməni azlığının hüquq və təhlükəsizliyi ilə bağlı olan məsələlərin sülh müqaviləsinin mətninə salınmasını tələb edir və beləliklə də Azərbaycanın suveren hüquqlarını şübhə altına alır. Bütün bunlara baxmayaraq, Ermənistana qarşı yenə də heç bir sanksiya tətbiq edilmir, əksinə, həqiqətlər bilərəkdən təhrif olunur,  Ermənistanı himayə edən dövlətlərin yardımı və təhriki ilə Azərbaycan bəzi beynəlxalq təşkilatların hədəfinə çıxarılır. Bu cür ayrı-seçkiliyin və ya selektiv yanaşmanın arxasında hansı fobiyaların dayanmasından asılı olmayaraq, beynəlxalq hüquqa və ona olan ictimai etimada növbəti dəfə kölgə salınır. Daha dəqiq ifadə etsək, ictimai etimadsızlıq üçün zəmin yaradılır. Prezident İlham Əliyev, elə bu səbəbdən, martın 13-də  Almaniya Prezidenti  Frank-Valter Ştaynmayer ilə görüşü zamanı açıq mətnlə bəyan etdi ki, separatçılıq meyillərinin bütün forma və təzahürləri istisnasız olaraq bütün coğrafiyalarda qəbuledilməz hesab olunmalı və onlara qarşı vahid mövqe nümayiş etdirilməlidir. Başqa sözlə, ayrı-seçkiliyə yol verilməməlidir. Bu mənada Prezident İlham Əliyevin və Almaniya Kansleri Olaf Şoltsun martın 14-də Berlində keçirilən birgə mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin Kanslerə verdiyi sual xüsusilə diqqət çəkir. Sual belə idi: “Martın 2-də Ermənistanın baş naziri ilə keçirilən mətbuat konfransında bildirdiniz ki, münaqişə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ əsasında həll oluna bilər və bu prinsiplər hamı üçün eynidir. Sualım belədir, yəni bu prinsiplər Cənubi Osetiya, Abxaziya, Donbas, Dnestryanı kimi ərazilərə də şamil oluna bilərmi, şamil olunurmu?”  Ədalətin nəhayət ki, dilə gətirilməsini labüd edən bu suala Almaniya Kanslerinin verdiyi cavab cəmiyyətimizdə xeyli suallar doğurdu. Çünki o, Ukraynada baş verən separatçılığı kəskin şəkildə qınayaraq, onların qəbuledilməz olduğunu bəyan etsə də, ölkəmizlə bağlı bunları dedi: “Eyni zamanda, öz mövqeyimizi aydın şəkildə bildirdik ki, axı biz, həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq”. Növbəti diqqətçəkən dialoq bu cavabın ardınca baş verdi. Almaniya Kanslerinə ondan birmənalı mövqe tələb edən belə bir sual ünvanlandı: “Cənab Kansler, Siz nə deyirsiniz, Qarabağ Azərbaycandırmı? Siz bayaq dediniz Dağlıq Qarabağı respublika kimi tanımırsınız. Qarabağ Azərbaycandırmı?” Kansler Olaf Şoltsun cavabı belə oldu: “İkinci sualla əlaqədar qeyd etmək istərdim ki, Almaniya hələ o vaxt beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir”.

Məhz bu cür açıqlamalardan sonra cəmiyyətimizdə haqlı olaraq sual yaranır ki, Qarabağın Azərbaycan olduğunu, Azərbaycana məxsus olduğunu dilə gətirərək haqqı və ədaləti etiraf etmək bu qədərmi çətindir?

Beynəlxalq hüquqa tam uyğun olan bir məsələdə həqiqətin birmənalı şəkildə dilə gətirilməsi əvəzinə, diplomatik yayınmaya nə ehtiyac var?

Əgər Donbasın və digər ərazilərin Ukrayna olduğu tərəddüd edilmədən dilə gətirilirsə, bu zaman əlavə şərhə və təfsirlərə  yer qoyulmursa, Qarabağa gəldikdə, eyni konkretliyin və şəffaflığın göstərilməməsi beynəlxalq hüquqa və Donbasla bağlı dəyərləndirməyə nə dərəcədə uyğundur? Necə ola bilər ki, Ermənistan baş nazirinin iştirakı ilə artıq keçmişdə qalan Dağlıq Qarabağdan söz düşəndə haqsız olaraq müqəddəratı təyinetmə prinsipi dilə gətirilir, Ukrayna ilə bağlı eyni prinsipi səsləndirənlərə isə haqlı olaraq təhdid mənbəyi kimi baxılır? Mətbuat konfransında cənab Şolts insan hüquqları və demokratiya məsələlərinə də xüsusi yer ayırdı. Ermənistanın baş naziri N.Paşinyan Qərbin bəzi siyasi çevrələri tərəfindən az qala “demokrat mücəssiməsi” kimi təqdim olunur. Həmin çevrələr unudurlar ki, qonşu ölkəyə qarşı ərazi iddiası irəli sürən, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verməklə işğalçılıq siyasətini davam etdirən bir siyasətçi hansı faizlə dövlət başçısı seçilməsindən asılı olmayaraq, demokrat adına layiq görülə bilməz və görülməməlidir. Azərbaycan rəhbərliyindən fərqli olaraq, sülh danışıqlarının Brüssel formatını qənaətbəxş hesab etməyən Paşinyanı “sülhpərvər və demokrat” obrazı qismində görmək istəyənlər, təəssüf ki, bu istəklərində yanılırlar, onun fərqli siyasi maraq qütblərinin təsiri altında, adı ilə desək, Paris-Moskva-Tehran üçbucağı trayektoriyasında vurnuxmasına göz yumurlar. Əslində isə unutmamalıdırlar ki, həqiqət heç vaxt yarımçıq olmur. Prezident İlham Əliyev birgə mətbuat konfransında verdiyi bu açıqlama ilə, faktiki olaraq bildirdi ki, həqiqət yarımçıq ola bilmədiyi kimi, demokratik dəyərlərə münasibət də yarımçıq ola bilməz, həmin dəyərlər hansısa siyasi maraqların diqtəsi altında işğalçılıq siyasətini yürüdən birisinin “demokrat” obrazı səviyyəsinə qədər kiçildilə bilməz: “ 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq”.

Son üç ay ərzində Laçın yolu ilə 4000-dən artıq avtomobilin, o cümlədən iri tonnajlı nəqliyyat vasitələrinin maneəsiz hərəkət etdiyini, tibbi müayinəyə ehtiyacı olan 150 nəfərdən çox şəxsin keçidinə şərait yaradıldığını nəzərə almayaraq, Avropa Parlamentində bəziləri hesab edirlər ki, guya bu yolda blokada mövcuddur və guya Azərbaycan ərazisində ermənilərin etnik təmizlənməsinə hazırlıq görülür. Hətta o da nəzərə alınmır ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən bir çoxunun icrasını indiyədək təmin etməyib. Silahlı birləşmələrini hələ də Qarabağdan çıxarmayıb, Laçın yolundan təyinatı üzrə deyil, əksinə, hərbi məqsədlər və hərbi daşımalar üçün istifadə edir, Zəngəzur dəhlizini açmaqdan isə açıq şəkildə yayınır. Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyətinin və ona havadarlıq edənlərin yalan  təbliğat kompaniyasının təsiri altında Azərbaycanın  hədəfə alınma prosesində bilərəkdən və ya bilməyərəkdən iştirak edən parlamentarilər yaxşı olardı ki, Taleyranın bu sözlərini unutmasınlar: “Böhtandan da qorxulu silah var: bu silah həqiqətdir”. Ermənistan hakimiyyəti və onun himayədarları yaxşı bilirlər ki, həqiqət və ədalət Azərbaycanın tərəfindədir. Ona görə onlar buna da əmin olmalıdırlar ki, Azərbaycan heç bir təzyiqə və siyasi şantaj cəhdlərinə baxmayaraq, suverenliyini tam həcmdə təmin etmək üçün legitim hüquqlarından istifadə məsələsində zərrə qədər tərəddüd etməyəcək!

Milli Məclisin deputatı                                                           

Ülvi Quliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki