ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü növbəti dəfə onu nümayiş etdirir ki, Qərbin ikili standartlar siyasəti situativ xarakter daşımır. Təəssüf ki, bu, çoxdan oturuşmuş siyasi düşüncə tərzidir. Əgər belə olmasaydı, qardaş Türkiyənin hələ ötən əsrin 60-cı illərindən etibarən Avropa Birliyinə birləşmək səyləri bu qədər müqavimətlə qarşılaşmaz, ayrı-seçkiliklə üzləşməzdi. Bu gün Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən eyni ölkələr uzun onilliklər ərzində Türkiyənin üzvlüyünə mane olublar. Baxmayaraq ki, onların əksəriyyəti qardaş ölkə ilə eyni hərbi-siyasi blokda-NATO-da təmsil olunurlar. Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı 1987-ci ildə irəli sürdüyü növbəti təşəbbüsü yalnız 12 ildən sonra -1999-cu ildə namizəd statusunda rəsmiləşdirildi. O vaxtdan indiyədək Türkiyəni Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi görmək istəməyənlər və buna müxtəlif bəhanələrlə mane olanlar, hələ ki, istədiklərini edə bilirlər. Halbuki, həmin müddətdə Avropanın irili-xırdalı neçə-neçə dövləti Avropa İttifaqına namizəd və ya tamhüquqlu üzv kimi qəbul olunub. Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikir elə həmin siyasi gerçəkliyi ifadə edir: “Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük”.
Brüsseldə keçirilən üçtərəfli görüş formatının tərkibi və yayılan foto-video çəkilişlərin özü belə, açıq-aşkar ayrı-seçkilik nümayişidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
O qeyd edib ki, ilkin məlumatlara görə, ABŞ və Aİ Ermənistana həcmi yüz milyonlarla ölçülən maliyyə yardımı göstərməyi planlaşdırırlar, eynilə Ukraynaya etdikləri kimi: “Belə çıxır ki, separatçılıqdan və işğaldan bu günün özündə də əziyyət çəkən Ukraynanın hüquqi statusu 30 illik separatçılıq və işğalçılıq keçmişi olan Ermənistanla eyniləşdirilir, onların hər ikisi ədalət tərəzisinin eyni gözünə qoyulur. Özü də bunu hüququn aliliyinə və ədalətə sadiq olduqlarını hər fürsətdə qabardan ölkə və təşkilatlar edirlər. Azərbaycan cəmiyyətinin haqlı olaraq qəbul etmədiyi elə bu cür ədalətsiz bərabərlik işarəsidir. Brüsseldə Ermənistanı himayəyə götürənlərin bugünkü davranış və ritorikası xalqımıza Minsk qrupunun uğursuz 28 illik vasitəçilik təcrübəsini xatırladır. Eyni vasitəçi ölkələr həmin dövrdə də işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın hüquqi və gerçək vəziyyətini ədalətsiz şəkildə eyniləşdirməklə məşğul olurdular”.
Deputatın sözlərinə görə, cəmiyyətimizdəki ictimai hiddətin və qınağın bir səbəbi də budur ki, ABŞ və Aİ kimi beynəlxalq birliyin iki aparıcı aktoru təşəbbüskarı olduqları Brüssel görüşünə, etdikləri ayrı-seçkiliyə hüquqdan və ədalətdən don geyindirməyə çalışırlar. İctimai rəyi manipulyasiya edərək elə rəy formalaşdırmaq istəyirlər ki, guya 30 il ərzində separatçılıqdan və işğaldan əziyyət çəkən, şəhər və kəndləri yerlə yeksan edilən, tarixi, mədəni və dini abidələri qəsdən təhqir olunan Azərbaycan deyil, işğalçı Ermənistandır. Amma belələri Aristotelin müdrik kəlamlarından birində ifadə olunan bu həqiqəti unudurlar: “Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”. Bu böyük həqiqəti görməzdən gələn, son dörd ildə ədaləti və beynəlxalq hüququ tapdalamaqdan sanki “zövq” alan Fransanın hazırkı Avropa və xarici işlər naziri Stefan Sejurne Brüssel görüşündən cəmi bir gün əvvəl bəyan etdi ki, guya Azərbaycan Ermənistana qarşı təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu cür uydurma bəhanə və yalanlar yalnız ona hesablanıb ki, Fransanın və NATO-ya üzv olan digər ölkələrin, eləcə də Avropa Sülh Fondunun Ermənistana göstərdiyi çoxşaxəli hərbi yardım kampaniyasına haqq qazandırılsın, “ədalətdən” don geyindirilsin. Dünya ictimaiyyəti çoxəsrlik nağıllardan birinə yenidən inanaraq düşünsün ki, guya “məzlum” Ermənistan təhlükə qarşısındadır, guya Azərbaycan ona qarşı müharibəyə hazırlaşır və buna görə də ABŞ başda olmaqla Avropa İttifaqı Ermənistandan öz dəstəyini əsirgəməməlidir. Təəssüf ki, bu cür nağıllara dünyada inananlar da var və bu işdə beynəlxalq media resurslarından aktiv şəkildə istifadə olunur. Onlarda tirajlanan feyk məlumatlar və həqiqəti təhrif edən informasiya çirkliliyi dünya ictimaiyyətini “məzlum və əzabkeş” Ermənistan obrazına yenidən inandırmaq məqsədini güdür. Məlum 907-ci Düzəlişin uzun illər işğaldan əziyyət çəkmiş, milyona yaxın qaçqın-köçkün problemi olan Azərbaycana qarşı qüvvəyə mindirilməsi isə, ümumiyyətlə, heç bir ölçüyə sığmır.
“Üçtərəfli görüşün təşkilatçıları nə qədər iddia etsələr də ki, məqsədləri Ermənistanın iqtisadi təhlükəsizliyinin təmin olunması ilə bağlıdır, atdıqları addımlar, verdikləri bəyanatlar və Ermənistanı davamlı şəkildə silahlandırmaları əsl hədəflərinin fərqli olduğuna işarə edir. Ermənistanı Cənubi Qafqazda özlərinin hərbi forpostuna çevirmək istəyənlər guya bilmirlər ki, son 30 ildə Ermənistanın yeganə hərbi hədəfi məhz Azərbaycan olub? Yaxud guya biz bilmirik və ya görmürük ki, müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistanın iqtisadi cəhətdən təhlükəsizliyinə verilən xarici “töhfə və qrantlar” həm də onun hərbi potensialının gücləndirilməsinə yardım etmək deməkdir.
Brüssel görüşünün təşkilatçıları Cənubi Qafqazda müəyyən etdikləri ayırıcı xətlərin artıq ayırıcı səddə çevrilməsinin əsasını qoydular. Bu cür təhlükəli ayrımçılıq gələcəkdə region ölkələri ilə yanaşı, Azərbaycanın da dövlət maraqlarını təhdid edə biləcək zəhərli toxumların indidən səpilməsi deməkdir. Ayrı-seçkiliyin səbəblərinə gəldikdə isə, bəziləri bunu yalnız mürəkkəb geosiyasi proseslərlə və dünyanı parçalamaq gücündə olan böyük dövlətlərin maraqları ilə izah etməyə çalışırlar. Amma təəssüf ki, cəhalətə, orta əsrlər təfəkkürünə söykənən və kifayət qədər üzdə olan səbəblər də mövcuddur. O da çox təəssüf ki, məhz bu cür cahil səbəblər ayırıcı xətlərin çəkilməsində bəzən həlledici rol oynayır. Avropa Parlamentində təmsil olunan deputatlardan bir çoxunun cahil və beynəlxalq hüquqa zidd olan təhlükəli bəyanatları, nə qədər acınacaqlı olsa da, bu gün bir çox Avropa siyasətçilərinin artıq gizlətmədikləri siyasi düşüncə tərzinə çevrilib. Belə zəhərli fikirlərin yanına demokratiyadan və insan haqlarından qoşulan epitetlər, Azərbaycanı hədəf seçən qərəzli qətnamə və bəyanatlar isə böyük fikir adamı Aristotelin vaxtilə dediyi kimi, ədalətsizliyə qanundan don geyindirmək cəhdindən başqa bir şey deyil”, – deyə Ülvi Quliyev vurğulayıb.
O bildirib ki, Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən Avropa Parlamentinin və AŞPA-nın anti-Azərbaycan mahiyyətli, yalnız qərəzə söykənən qərar və qətnamələrinin əsl səbəbini açıq şəkildə ifadə etdi: “Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir”. Azərbaycanın etibarlı dostlarından biri olan Mövlud Çavuşoğlunun münasibəti də kifayət qədər diqqətçəkən idi: “Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələr var və onlar bu istiqamətdə öz siyasətlərini aparmağa çalışırlar”. Həmişə olduğu kimi, Türkiyənin rəsmi mövqeyi yenə də obyektiv və birmənalıdır. Qardaş ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Bu təşəbbüs Azərbaycanın mövqeyinə məhəl qoymur və sülh prosesinə deyil, Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirməyi planlaşdırır”.
Ətrafımızda baş verənlərlə bağlı cəmiyyətimizin haqlı narahatlığı başadüşüləndir, amma bütün bunları gözlənilməz hesab etmək doğru olmazdı. Prezident İlham Əliyev andiçmə mərasimində bu cür təhdidlərin, siyasi şantaj xarakterli addımların, qətnamə və bəyanatların qaçılmaz olduğunu və onların səbəbini açıq mətnlə bu cür ifadə etmişdi: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.
“Cəmiyyətimiz bütün bunları bildiyi kimi, bədxahlarımız da bilməlidir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də şəksiz Lideri ilə bir yerdə, eyni siyasi cinahdadır. Ermənistana himayədarlıq edənlər ədaləti nə qədər gözdən salmağa çalışsalar da, onu da bilməlidirlər ki, xalqımızın öz haqqına, beynəlxalq hüquqa və ən başlıcası, Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyətinə inamı sarsılmazdır. Ona görə də tarixi Zəfərimizi həzm edə bilməyənlərin bütün çirkin planları bundan sonra da puç olacaq. Guya “məzlum” Ermənistana kömək etmək adı altında Azərbaycanın səbrini yenidən sınağa çəkmək istəyənlər gec-tez razılaşmalı olacaqlar ki, Cənubi Qafqazı Ermənistan vasitəsilə qlobal toqquşma məkanına çevirmək çox təhlükəli təşəbbüsdür və əslində, heç onların da maraqlarına uyğun deyil. Dünyanı idarə edən böyük güclər bir gün bunu da etiraf etməli olacaqlar ki, müharibəsiz, ayırıcı xətlərsiz, firavan Cənubi Qafqazla iqtisadi əməkdaşlıq etmək və bərabərhüquqlu siyasi əlaqələr qurmaq hamı üçün daha faydalıdır. Cənubi Qafqaz nə Şərqi Avropaya, nə də Yaxın Şərqə çevrilməməlidir, çünki təhlükəsiz dünya nizamı aparıcı aktorlardan və region ölkələrindən yalnız bunu tələb edir”, – deyən deputat fikirlərini yekunlaşdırıb.