“Narkotik asılılığından xilas olmaq uzunmüddətli və mərhələli prosesdir. Bu dövrdə, təkcə zərərli maddədən uzaqlaşmaq kifayət etmir”.
Bu fikirləri açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib.
Onun sözlərinə görə, orqanizmin itirdiyi enerji ehtiyatının bərpası, immun sisteminin gücləndirilməsi və psixoloji vəziyyətin sabitləşdirilməsi də sağalma prosesinin mühüm tərkib hissəsidir: “Bu səbəbdən qidalanma reabilitasiya proqramlarında getdikcə daha çox ön plana çıxır. Bu istiqamətdə aparılmış beynəlxalq tədqiqatda 1 204 nəfər iştirak edib. Onlardan 607 nəfəri, yəni 50,4 faizi 10 həftə davam edən proqramı tam başa vuraraq yekun qiymətləndirmədə iştirak edib. İştirakçıların orta yaşı 34,2 il olub. Tədqiqat çərçivəsində onların qidalanma vərdişləri, bədənlərinə münasibəti və çəki ilə bağlı narahatlıqları təhlil edilib.
Əldə olunan nəticələr göstərib ki, iştirakçıların 75,1 faizi yalnız bir narkotik maddədən istifadə etdiyini bildirib. Digər iştirakçıların 17 faizi iki, 5,4 faizi üç, 2,5 faizi isə dörd və daha çox narkotik maddədən istifadə edib. Ən geniş yayılmış maddələr amfetamin və metamfetamin olub və iştirakçıların 50,9 faizi onları əsas istifadə etdiyi narkotik kimi göstərib. Opiatlar və heroin istifadəçilərinin payı isə 23,2 faiz təşkil edib. Tədqiqat qidalanma ilə bağlı narahatlıqların da kifayət qədər geniş yayıldığını ortaya qoyub. İştirakçıların 19,9 faizi özündə qidalanma pozuntularının əlamətlərini müşahidə etdiyini bildirib. Yarıdan çoxu müalicə müddətində kökəlməkdən narahat olduğunu qeyd edib. İştirakçıların 30 faizdən çoxu çəki artımının yenidən narkotik istifadəsinə qayıtmaq riskini artıracağını düşündüyünü, 16 faizi isə arıqlamaq məqsədilə yenidən narkotik istifadəsinə meyl göstərə biləcəyini etiraf edib”.
Ekspert qeyd edib ki, sağalma dövründə qidalanma rasionunun düzgün qurulması xüsusi diqqət tələb edir: “Gündəlik menyuda mövsümi meyvə və tərəvəzlər, göyərtilər, lobya, noxud, mərci, qarabaşaq, yulaf, balıq, yumurta, yağsız ət, süd, qatıq, ayran və kəsmik kimi məhsullar üstünlük təşkil etməlidir. Qoz, fındıq, badam, nar, alma, tut, heyva, üzüm və balqabaq kimi məhsullar vitamin, mineral və antioksidantlarla zəngin olduğundan orqanizmin bərpasına müsbət təsir göstərir.
Gün ərzində kifayət qədər su içilməsi, təbii bal və zeytun yağından ölçülü istifadə də sağlam qidalanmanın mühüm elementlərindəndir. Eyni zamanda, qazlı və enerji içkiləri, yüksək şəkər tərkibli məhsullar, çips, fast-food, kolbasa, sosis və digər yüksək emal olunmuş qidaların qəbulunun məhdudlaşdırılması məqsədəuyğundur. Belə məhsullar sağlam qidalanmaya mane olmaqla yanaşı, orqanizmin bərpa prosesinə də mənfi təsir göstərə bilər. Sağlam qidalanma asılılıqdan müalicəsini əvəz etmir. Lakin dərman müalicəsi, psixoloji dəstək, fiziki aktivlik və keyfiyyətli yuxu ilə birlikdə tətbiq olunduqda insanın sağlam həyata qayıtmasına və reabilitasiya prosesinin daha uğurlu olmasına mühüm töhfə verir”.Musavat.com


























