image-bayraq-1backend

Cəbrayıl səmasından boylanan payız Günəşi Azərbaycan əsgərini hərarətlə salamlayır…

image-reklam_sirab_01

2020-ci ilin 4 oktyabrı – Vətən müharibəsinin 8-ci günü. Hər bir azərbaycanlı cəbhədən növbəti xoş xəbəri eşitmək üçün ekran başında, sosial şəbəkələrdə səbirsizliklə gözləyir. Nəhayət, axşam 8 radələrində Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verir: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”

Bu xəbəri düz 30 ilə yaxın idi ki, gözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşları tökmüşdü. Ancaq o, məğlubiyyət göz yaşları, faciə göz yaşları idi. Bir il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.

Haşiyə: İranla sərhəddə, Araz çayı sahilində yerləşən Cəbrayıl rayonu strateji mövqeyə malikdir. Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid verib, 177 nəfər əlil olub, 91 nəfər əsir və itkin düşüb. Cəbrayıldan olan 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayılın ərazisi 1000 kvadratkilometrdən çoxdur. Rayonun 80 minlik əhalisi doğma yurd-yuvasından didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb.

İşğal edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irs talan edilib, saxtalaşdırılıb, yaxud dağıdılıb. Rayon ərazisində Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən məşhur Xudafərin körpüləri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və digər abidələr vandalizmə məruz qalıb.

Hələ beş il əvvəl, 2016-cı ilin aprel döyüşləri zamanı strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində sakinlər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtdılar. Prezidentin tapşırığı ilə Cocuq Mərcanlıda gözəl qəsəbə salındı, infrastruktur yaradıldı. Dövlətimizin başçısı qəsəbənin açılışında demişdi ki, “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.

Belə də oldu…

Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Doğma yurd yerimiz Cəbrayıl da 27 il işğal altında qaldı, rayon əhalisi respublikamızın 58 rayonuna pənah apardı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.

Mənfur düşmən işğal dövründə Cəbrayıl şəhərini talan edib, başdan-başa dağıdıb. Prezident İlham Əliyev Ermənistan kapitulyasiya aktını imzalayandan bir həftə sonra Cəbrayıla gəldi, şəhərdə və Xudafərin körpüsündə Azərbaycanın dövlət bayrağını qaldırdı. Ermənilərin darmadağın etdiyi Cəbrayıl şəhərindən dünya ictimaiyyətinə səslənərək bu sözləri dedi: “Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar”.

Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Biz qayıtdıq. Özü də ötən 30 ildə yetişən vətənpərvər gənclərlə qayıtdıq. Bir vaxtlar buludlu, çiskinli və soyuq bir payız günündə yurd yerindən ayaqyalın didərgin düşən, həmçinin məcburi köçkünlük dövründə dünyaya gələn azərbaycanlılar indi öz ata-baba yerlərinə tankların üstündə qayıtdılar. İndi Cəbrayıl səmasından boylanan payız Günəşi Azərbaycan əsgərini hərarətlə salamlayır…

Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq” düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.

Bu yerlərə həyat yenidən qayıdır. Şuşada böyük quruculuq işləri gedir, Ağdamın bərpasının təməl daşı qoyulub, Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirilir. Cəbrayılın bərpası üçün də göstəriş verilib. Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq, infrastruktur qurulacaq. Küçələr, parklar, xiyabanlar salınacaq, qələbə abidələri ucaldılacaq. Rayon sakinləri, keçmiş məcburi köçkünlər tezliklə Cəbrayıla qayıdacaq, qurub-yaradacaqlar. Burada yenə toy-büsat olacaq, hər tərəfdə həyat qaynayacaq. Cəbrayılın və cəbrayıllıların bu xoş günləri uzaqda deyil…

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki