Ən böyük zirvəsi Dağ Tumas olan, “Cəbrayıl ata ” və ya Cəbrayıl peyğəmbərin adı ilə adlandırılan, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Lakin 4 yanvar 1963-cü ildə ləğv olunaraq, Füzuli rayonunun ərazisinə birləşdirilsə də, 17 iyun 1964-cü ildə yenidən bərpa edilmişdir.
Cəbrayıl məhsuldar torpağı və sıx meşəsi ilə Arazboyu ərazilərdən seçilmişdir. Erməni vandallarının işğalından əvvəl Cəbrayılda 100-ə yaxın bulaq, 100-dən artıq kəhriz, 10-dan çox yaşı 500-u ötən çinar ağacları olmuşdur. Cəbrayıl rayonu həm də qiymətli xammal mənbəsi idi, orada mərmər, digər tikinti materialları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlum idi.
Şimali Azərbaycanı Cənubi Azərbaycana qovuşduran və vahid Azərbaycanın rəmzi sayılan Xudafərin körpüsü, həmçinin başqa memarlıq abidələri bu rayonda yerləşirdi. Rayon işğal olunduqdan sonra abidələrin böyük əksəriyyəti düşmən tərəfindən məhv edilmişdir. Çox təssüf ki, bu qədər qiymətli yeraltı və yerüstü xəzinəyə sahib olan, 1 şəhər, 4 qəsəbə, 97 kənddən ibarət olan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfində vandalcasına işğal edilmişdir. 1993-cü ildə Horadiz əməliyyatı zamanı milli ordu qüvvələrimiz rayonun mərkəzinə doğru hərəkət etməyə çalışsalar da, yanlız Cocuq Mərcanlı ordumuzun nəzarəti altında qalmışdır.
İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər Azərbaycanın 53 rayonunda vaqon və yataqxanalarda məskunlaşmışlar. Cəbrayıl rayonunun 52000 nəfər əhalisi, 1050 km əhatə edən rayon ərazisi və bu ərazilərdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-a yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb.
Cəbrayıl uğrunda birinci Qarabağ müharibəsində 372 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi Azərbaycan ordusu tərəfindən düşməndən azad edilmişdir, bununla da Cocuq Mərcanlı kəndi tam şəkildə Azərbaycan ordusunun nəzarəti altına keçmişdir. 27 sentybar 2020-ci ildə erməni təxribatının qarşısını almaq və Azərbaycan Respublikasının ərazilərini işğaldan azad etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bütün cəbhəboyu ərazilərimizdə əks-hücum əməliyyatlarına başlanılması haqqında əmr verildi. Elə ilk müjdəli xəbər Cəbrayıl və Füzuli rayonlarının azad olunan kəndləri ilə gəldi. 27 sentybarda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olundu. 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
27 il ərzində kağız üzərində qalmış qətnamələr, otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susub və münaqişəni həll etməyə əsaslı səylər göstərməyib, bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deməyib. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etmişdir. Əvəzinə, təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdır. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir.
Nəhayət, bir il sonra bu gün 4 oktyabrda biz Cəbrayılın azad olunmasınının bir illiyinin şanlı qürurunu yaşadıq. Güclü siyasət, böyük inam hissi və xalqın tükənməz əzmi Azərbaycan ordusuna müqəddəs qələbəni, Azərbaycan xalqına isə şanlı qüruru yaşatdı.
Bakı Slavyan Universiteti
Babayeva Aypara / Nəsimi rayon gənci