image-reklam-veteninfo
image-1backend

“Crescent Mall” və “28 Mall”da oğurluq: Brend mağazaları hədəfə aldı

image-reklam-veteninfo

Bakı şəhərində yerləşən iri ticarət mərkəzlərində fəaliyyət göstərən məşhur geyim mağazalarından silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

İttihama görə, təqsirləndirilən şəxs mağaza personalının və təhlükəsizlik əməkdaşlarının diqqətindən yayınaraq “Massimo Dutti” və “Oysho” mağazalarından müxtəlif geyim əşyalarını oğurlayıb. O, oğurladığı malların üzərindəki mühafizə qurğularını xüsusi dəmir alətlə sökərək əşyaları mağazadan çıxarıb.

Məlum olub ki, oğurluq hadisələri Bakı şəhərində yerləşən “Crescent Mall” və “28 Mall” ticarət mərkəzlərində baş verib. Təqsirləndirilən şəxs müxtəlif günlərdə mağazalardan kişi və qadın geyimləri, o cümlədən köynəklər, şalvarlar, ətəklər və digər geyim əşyalarını ələ keçirib.

İttihama əsasən, bir neçə epizod üzrə törədilən oğurluqlar nəticəsində mağazalara yüzlərlə manat məbləğində maddi ziyan vurulub. Son epizodda isə o, mağazadan əl çantası oğurlamağa cəhd edərkən təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs daha əvvəl də eyni üsulla müxtəlif geyim əşyalarını oğurlayaraq satıb. O, əldə etdiyi əşyaların bir hissəsini nağd pul müqabilində tanışlarına satdığını etiraf edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittihamla qismən razılaşaraq, maddi çətinlik səbəbindən bu addımı atdığını bildirib. O, mağazalardan götürdüyü əşyaların bir hissəsini satdığını, digər hissəsini isə kimə verdiyini xatırlamadığını qeyd edib.

Lakin məhkəmə toplanmış sübutları qiymətləndirərək onun təkrar oğurluq cinayəti törətdiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun saxlanıldığı 2 gün 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanıb və nəticədə üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.Qaynarinfo




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki