Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən gənclərin data analitika sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün “Data ABC” sürətləndirilmiş təlim kursu təşkil olunacaq.
Beş dərsdən ibarət olan təlim kursu data analitika sahəsinə maraq göstərən gənclər üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar data analitikanın əsasları, məlumatların təhlili və vizuallaşdırılması, eləcə də analitik hesabatların hazırlanması haqqında ilkin biliklər əldə edəcəklər. Həmçinin gənclər məlumatlarla işləmək və onları vizual formada təqdim etmək üçün istifadə olunan Power BI proqramının əsas alətləri ilə tanış olacaqlar.
Təlimlər DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin data analitika üzrə aparıcı mütəxəssisi Teymur Həziyev tərəfindən keçiriləcək.
“Data ABC” təlim kursunun əsas məqsədi gənclərin rəqəmsal kompetensiyalarını gücləndirmək, data analitika sahəsinə maraqlarını artırmaq və müasir əmək bazarında tələb olunan bilik və bacarıqlara yiyələnmələrinə dəstək olmaqdır.
Data analitika sahəsində biliklərini artırmaq və Power BI proqramını öyrənmək istəyən gənclər kursda iştirak üçün müraciət edə bilərlər. Təlim kursunun başlama tarixi və qeydiyyat şərtləri ilə bağlı ətraflı məlumat Gənclərin Həmrəyliyi İctimai Birliyinin rəsmi kommunikasiya kanallarında paylaşılacaq.

























