image-img-20210527-wa0017backend

Deputat: Azərbaycan regionda güclü potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkədir

image-reklam_sirab_01

Prezident İlham Əliyev Azərbaycanın bütün bölgələrinin, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının hakimiyyətdə olduğu illər ərzində muxtar respublikaya 15 dəfə səfər etməsi bunun bariz ifadəsidir. Prezident İlham Əliyev bu səfərlər çərçivəsində bölgənin davamlı tərəqqisinin təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yenidən qurulması, mövcud problemlərin aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirib, verdiyi tapşırıqların icrası vəziyyəti ilə yerində tanış olub, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən alıb və buna müvafiq şəkildə konkret qərarlar qəbul edib.

 

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
Deputat qeyd edib ki, bu səfərlər, eyni zamanda, muxtar respublikadakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməyi şərtləndirib, iqtisadiyyatın inkişafını və aqrar sektorda islahatları sürətləndirib, turizm potensialını gücləndirmək, əlverişli investisiya şəraiti yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb. Bütün bunların nəticəsidir ki, son 20 il ərzində Naxçıvanda iqtisadi artımın templərinə görə rekord göstəricilər əldə olunub. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Burada diqqətçəkən bir faktı da xatırlatmaq istərdim. Belə ki, 2000-ci illərin ikinci yarısından etibarən muxtar respublikanın büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanıb. Kənd təsərrüfatı ilə bağlı gerçəkləşdirilən layihələr müsbət nəticələrlə müşayiət olunub. Naxçıvan özünün əsas ərzaq məhsulları ilə təminatına nail olub.
Rəşad Mahmudov deyib: “Prezident İlham Əliyevin muxtar respublikaya səfəri zamanı diqqətçəkən bir neçə məqama da nəzər salmaq istərdim. Bununla bağlı əvvəlcə onu qeyd edim ki, hazırda Naxçıvanın sürətli inkişafı məqsədilə infrastruktur layihələrinin reallaşdırılmasına xüsusi önəm verilir. Son dövrlərdə Ordubad şəhərində içməli su və kanalizasiya xəttinin işə salınması, qazlaşdırmanın səviyyəsinin artıq 100 faizə çatdırılması, elektrik enerjisi ilə təchizatın 100 faiz təşkil etməsi, bütün yaşayış sahələrinin magistral yollarla bir-birinə bağlanılması bunun bariz ifadəsidir. Yeri gəlmişkən, ötən illər ərzində muxtar respublikada çox böyük enerji potensialı yaradılıb. Bunun nəticəsidir ki, indi Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin etmək, bərpaolunan mənbədən səmərəli yararlanmaq kimi qarşıya qoyulan vəzifəni yüksək səviyyədə həyata keçirib.
Son illər respublikamızın hər yerində olduğu kimi, muxtar respublikada da sosial sahədə vətəndaş məmnunluğuna yönələn islahatların həyata keçirilməsi diqqətdə saxlanılır. Elə buna görə də Naxçıvanda dövlət sosial xidmətlərinin modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması və “bir pəncərə”dən təqdim edilməsi bu gün xüsusi önəm verilən məsələlər sırasındadır. Muxtar respublikada “ASAN xidmət” Mərkəzinin tikintisinin aparılması da məhz bu məqsəddən irəli gəlir. Naxçıvanın təhlükəsizliyi də prioritet istiqamətdir. Muxtar respublikada ordunun ən müasir silah və texnika ilə təchiz edilməsi, bölgəyə ən müasir, son texnologiyaya əsaslanan texnikanın gətirilməsi, hərbçilərin sosial durumunun yaxşılaşdırılması, xidmət şəraitinin yüksək səviyyədə qurulması məqsədilə yeni hərbi hissələrin tikilməsi, dövlətimizin başçısının səfəri zamanı hərbi aerodromun və hərbi hospitalın istifadəyə verilməsi Naxçıvanın müdafiə potensialının möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanılmasından xəbər verir”.
Prezident İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində buradan regionda maraqlı qüvvələrə xüsusi mesajlar da verib. Dövlətimizin başçısı Ermənistandakı revanşist dairələrə və regionda sabitliyin bərqərar olmasından narahatlıq keçirən müxtəlif təxribatçı qüvvələrə prinsipial və qətiyyətli mövqeyini bir daha bəyan edərək deyib: “Bəzi siyasətçilər Dağlıq Qarabağın – olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin”.
Dövlətimizin başçısı daha sonra Dağlıq Qarabağ münaqişəsinin həll edildiyini, artıq ərazimizdə Dağlıq Qarabağ adlı ərazi vahidinin mövcud olmadığını, Ermənistanın kapitulyasiya aktını imzaladığını, Azərbaycanın 10 noyabr tarixli Bəyanatın müddəalarını yerinə yetirdiyini də diqqətə çatdırıb.
Deputat əlavə edib ki, sözügedən Bəyanatın müddəaları sırasında Zəngəzur dəhlizinin yaradılması xüsusi yer tutur. Bu dəhlizin istifadəyə verilməsi ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması Azərbaycanın dünyanın, eləcə də regionun ən cəlbedici ölkəsinə çevrilməsini gücləndirir. Dövlətimizin başçısı tərəfindən Füzuli rayonunda uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması isə daha bir regional nəqliyyat layihəsinin işə düşəcəyindən xəbər verir.
Azərbaycan regionda güclü potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkədir. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə, burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın düşmən münasibəti bütün region üçün təhdid deməkdir və bu yolu seçərsə, növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcək”,- deyə Rəşad Mahmudov vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki