image-36backend

Deputat bahalaşmanın əhaliyə mənfi təsirindən DANIŞDI

image-reklam_sirab_01

“Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına ciddi təsir edib”.

 

Veteninfo.az xəbər verir ki,bunu parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Razı Nurullayev bildirib.

 

Deputatın sözlərinə görə, qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər də artıb:

 

“Açığı sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma, bu şəkildə artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa yenə də zənbillər dolmayacaq. Mən Prezident İlham Əliyevin pensiya, əməkhaqqı, müavinətlərin gələn ildən artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirirəm, həssas qruplara qarşı gözəl sərəncam oldu və insanlar bunu alqışlayır.

 

İndi gəlin baxaq, başqa hansı addımlar ataq ki , əhalinin sosial yükünü azalda bilək. Axı, həm də bu Parlamentin vəzifəsidir.

 

Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir və görək “Azəristiliktəchizat” bunun öhdəsindən gəlirmi? Xeyr. Bir var bir qazanxana işləyə və min ailəni təmin edə, ya da min ailə min kombi, ceyran peçi işlədə və min dəfə çox qaz sərfiyyatı edə. Aldığı müavinəti də bütövlükdə aparıb qaza, işığa verə. Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Qoy dövlət qazanxana tikib iş adamına istiliyi satsın və xaos da aradan qaldırılsın. Fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib. Amma, deyə bilmərik ki, sən də get soyuqdan don. O evlərin biri də rüşvətsiz tikilməyib, vətəndaşın bu məsələdə məsuliyyəti sıfırdır. Onlar üçün də mərkəzi qazanxanalar qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin.

 

İkincisi, “Azəristiliktəchizat”ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüblər? Mənim onlara ciddi suallarım var və yəqin ki, həmkarlarımın da həmçinin.

 

Üçüncüsü, təklif edirəm ki, Parlamentdə “hökumət saatı” müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə Parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil axı. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmas etməliyik. Hökumət üzvləri müntəzəm olaraq Parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki