image-konulbackend

Deputat bələdiyyələrin problemlərindən danışdı

image-reklam_sirab_01

“Azərbaycanda bələdiyyə institutu çətin bir şəraitdə qurulub və fəaliyyətində uğurlu tərəfləri ilə yanaşı, uğursuz tərəflər də mövcuddur. Bu uğursuzluqların aradan qaldırılması üçün müəyyən zamana ehtiyac var”.

Vətəninfo.az xəbər verir ki,bunu Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı millət vəkili  Könül Nurullayeva Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsilə bağlı fikirlərini bölüşərkən belə deyib. Millət vəkili bildirib ki, Bələdiyyə fəaliyyətinin səmərəsi, ümumiyyətlə, vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi üçün çox güclü, dayanıqlı maliyyə və iqtisadi potensialı, gəlir mənbələri olmalıdır. Deputat bələdiyyə sahəsindəki bəzi problemlərə də toxunub: “Bu problemlər həll olunmadığı təqdirdə, biz bələdiyyələrin hər hansı inkişafından və fəaliyyətinin səmərəsinin artırılmasından danışa bilmərik. Bələdiyyə vergilərinin ödənilməsi müəyyən qaydada Vergi Məcəlləsi ilə tənzimlənir. Ancaq bələdiyyə ödənişlərini ödəməyənlərə qarşı təsir mexanizminin olmaması bələdiyyələrin maliyyəsinə ciddi şəkildə ziyan vurur. Buna görə də bələdiyyə ödənişlərinin ödənilməsini təmin etməyə yönəlmiş mexanizm müəyyənləşdirilməli və tətbiq olunmalıdır”.

Könül Nurullayeva bəzi bələdiyyələr tərəfindən tədiyyə bildirişlərinin və yaranmış borclar haqqında xəbərdarlıqların ödəyicilərə “sms” vasitəsilə göndərilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, bütün bələdiyyələrin də bu iş üsulundan istifadə etməsi məqsədəuyğun olardı. “Bələdiyyələrin fəaliyyətinin canlandırılması, nöqsanların qarşısının alınmasının ilk növbədə bələdiyyə üzvlərinin və daha çox bələdiyyə sədrlərinin məsuliyyətindən asılıdır” deyən millət vəkili hesab edir ki, bəzi bələdiyyə sədrlərinin cəza alması, məhkəmələr qarşısında cavab verməsi də məhz məsuliyyətsizlikdən, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmin olunmamasından irəli gəlir: “Hesabatdan da görünür ki, Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq onlara korrupsiyaya qarşı təlimlər keçirilməsinə, habelə maarifləndirici materialların hazırlanmasına baxmayaraq, bəzi vəzifəli şəxslər yenə də bu növ cinayətləri törətməkdən çəkinmirlər. Fikrimcə, bu sahədə maarifləndirmə daha da artırılmalıdır.”

Könül Nurullayeva bələdiyyə sahəsində Türkiyə təcrübəsini xatırladıb. Bildirib ki, yerli özünüidarəetmə sahəsində qardaş ölkənin bələdiyyələri ilə aparılan görüşlər, təcrübə mübadiləsi həmin bələdiyyələrin müsbət təcrübəsinin öyrənilməsində və təbiqində mühüm rol oynayır: “Hesab edirəm ki, xarici ölkələrin yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və təbiqi üçün belə görüşlər və proqramlar davamlı şəkildə həyata keçirilməlidir.”

Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım haqqında vəsaitlərin hazırlanmasını da müsbət dəyərləndirən Könül Nurullayeva maarifləndirici dəstək tədbirlərinin davam etdirilməsini vacib hesab edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image