Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən tərəfindən 2021-ci il fevral ayından 2022-ci il fevral ayına qədər görülmüş işlərlə bağlı HESABAT
Yola saldığımız 2021-ci il dövlətimiz və xalqımız üçün uğurlu illərdən biri oldu. Bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası bir çox ölkələri iqtisadi cəhətdən çətin durumla qarşılaşdırsa da bizim ölkəmizdə heç bir siyasi-iqtisadi böhran yaşanmadı. İşğaldan azad edilmiş torpaqlarımızın yenidən cənnətə, gülüstana çevrilməsi ilə bağlı çox böyük addımların atılması, həmin ərazilərdə “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi, “Füzuli” Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, Füzuli, Zəngilan rayonlarının, eləcə də Şuşa şəhərinin avtomobil yollarının asfaltlanması və yeni avtomobil yollarının çəkilməsi hər birimizin gözü önündədir. Biz bütün bunlara qətiyyətli, uzaqgörən siyasi rəhbərin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilik və bacarığı sayəsində nail olduq.
Ötən hesabat dövründə olduğu kimi, 2021-ci ildə də vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında yerli icra hakimiyyəti orqanları və aidiyyatı qurumlarla birlikdə çalışaraq bir çox məsələlərin vaxtında və yerində həllinə nail olmuşuq.
Qeyd etmək istərdim ki, millət vəkili olaraq fəaliyyət göstərməyim üçün Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahının binasında şərait yaradılmış, rayon sakinlərinin qəbul edilməsi təmin olunmuşdur. Hakim partiyanın namizədi kimi parlamentdə təmsil olunduğum üçün fəaliyyətimin ən önəmli istiqamətləri Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında son 18 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurlarının seçicilərim arasında təbliği təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq fəaliyyətə başladığım ilk gündən etibarən çalışmışam ki, seçicilərin qaldırdığı məsələlərə diqqətlə yanaşaraq, hər bir vətəndaşın, seçicinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əlimdən gələni əsirgəməyim. Seçicilərimlə 2021-ci ildə də sıx əlaqədə olmuş, 132 nəfərin telefon danışığı vasitəsilə, 2021-ci ilin dekabr ayının sonunadək 133 nəfərin, 2021-ci ilin yanvar ayında 11 nəfər olmaqla, ümumilikdə 144 nəfərin şifahi müraciəti dinlənilmişdir. 2021-ci ilin fevral, aprel, iyul, sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı ərzində seçicilərimlə rayon mərkəzində və kəndlərdə 18 dəfə səyyar görüş keçirilmiş, ümumilikdə 499 nəfərin müraciəti tərəfimdən dinlənilmiş və hər bir seçicinin müraciəti qanunamüvafiq cavablandırılmışdır. Sosial şəbəkələr vasitəsilə 119 nəfərin, 132 nəfərin isə yazılı müraciəti araşdırılaraq aidiyyatı qurumlara məktublar ünvanlanmışdır.
Əhalinin üzləşdiyi çətinliklər əsasən işsizlik, kəndlərdə su çatışmamazlığı, kənd yollarının narahat vəziyyətdə olması, mavi qaz yanacağı olmayan ərazilərdə (Ucar şəhər Məlikballı Qurban küçəsi, Qulabənd kəndi ərazisində 16 mənzilli pambıqzavod yaşayış binası, Şahlıq kəndi) qaz xəttinin çəkilişi, Tibbi Sosial Ekspert Komissiyasının ərazi idarəsinin fəaliyyəti ilə bağlı olmuşdur. Onu da qeyd edim ki, ötən dövr ərzində qaz çəkilişi ilə bağlı qaldırılmış məsələlərdən biri, Ucar şəhər Məlikballı Qurban küçəsinin qazlaşdırılması 2021-ci ilin oktyabr ayında başa çatdırılmış, Şahlıq kəndinin qazlaşdırılmasına isə 2022-ci ilin yanvar ayından start verilmişdir. Vətəndaşların problemlərinin həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, səlahiyyətim çərçivəsində həll olunması mümkün olanlar icra olunub və ya nəzarətdə saxlanılmaqla aidiyyatı qurumlara ünvanlandırılmışdır.
Hesabat ili müddətində 1026 seçicidən müraciət qəbul etmişəm, bu müraciətlərdən 73 %-i müsbət həllini tapıb, 5,7 %-i hazırda icraatda olan müraciətlərdi, 21,3 % isə əsassız müraciətlər olub. Vətəndaş qəbulu zamanı seçicilərin müraciətlərinin 28 %-i infrastruktur, 11 %-i təmir-tikinti, 9 %-i şəxsi problemlər, 33 %-i sosial problemlər, 11 %-i səhiyyə və 8 % hüquqla bağlı müraciətlər olmuşdur. Onu da qeyd edim ki, təkcə seçildiyim dairənin seçicilərinin yox, başqa dairələrdən olan şəxslərdən ünvanlanan məktub və müraciətlərə də hər zaman xüsusi diqqətlə yanaşıram. Belə müraciətlərə misal olaraq Qəbələ, Ağsu, Zəngilan, Zaqtala və Abşeron rayonlarından, həmçinin Bakı şəhərindən daxil olan müraciətləri göstərmək olar.
Ötən dövr ərzində seçicilərimin mənə ünvanladığı müraciətlərə əsasən, Ucar rayonundakı su çatışmamazlığı, meliorativ tədbirlərin aparılmaması, kənd yollarının asfaltlanması, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti, rayonun bir neçə kəndlərində internet şəbəkəsinin olmaması və həmçinin respublikanın bütün regionlarına aid olan gənc ailələrin yaşayış evlərinin elektrik enerjisi ilə təminatında yaranmış çətinlikər barədə Milli Məclisin plenar iclaslarında tərəfimdən məsələlər qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına müvafiq olaraq və 91 saylı Ucar Seçki Dairəsindən seçilmiş millət vəkili olaraq öz şəxsi təşəbbüsüm əsasında yaradılmış və həyata keçirilən “TƏK MİLLƏT, TƏK ÜRƏK” Beynəlxalq Hümanitar Platforması çərçivəsində Türkiyə Diyanet Vakfının və Qızıl Ay Cəmiyyətinin, “İnvestAz” Qrupun, “For Azerbaycan” təşkilatının, “Sirab” Şirkətinin dəstəyi ilə 2021-ci ilin yanvar ayında 15 şəhid ailəsinə, 4 aztəminatlı ailəyə, fevral ayında 5 xüsusi qayğıya ehtiyacı olan ailəyə, mart ayında “Novruz bayramı” ərəfəsində 21 aztəminatlı ailəyə, aprel ayında 22 şəhid ailəsinə, may ayında 30 qazi və aztəminatlı ailəyə, iyul ayının 20-21 tarixində Qurban bayramı günlərində 80 aztəminatlı ailəyə, sentyabr ayında 3 ailəyə, oktyabr ayında 24 şəhid ailəsinə, dekabr ayının 28-29 taixində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı ərəfəsində 40 qazi və aztəminatlı ailəyə, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanlara ərzaq yardımları edilərək hər bir ailənin sosial vəziyyəti ilə maraqlanılmışdır.
Əlavə olaraq bildirmək istəyirəm ki,2021-ci ilin sentyabr ayının sonunda “TƏK MİLLƏT, TƏK ÜRƏK” Beynəlxalq Hümanitar Platforması çərçivəsində Azərbaycanımızın müxtəlif regionlarından olan şəhid və qazi övladları, o cümlədən qazilər, ümumilikdə 25 nəfər gəncimiz qardaş Türkiyə Cümhuriyyətinin “Sivas Cümhuriyyət Universiteti”nə təhsil almaq üçün yola salınmışdır.
Türkiyə Cümhuriyyətinin və müvafiq qurumların dəstəyi ilə “TƏK MİLLƏT, TƏK ÜRƏK” Beynəlxalq Hümanitar Platforması çərçivəsində növbəti ildə də bu xeyirxah missiyamızı davam etdirəcək, şəhid və qazi ailələrimizi, onların doğmalarını sevindirməyə davam edəcəyik.
2021-ci ildə Yeni Azərbaycan Partiyasının təşklilatçılığı ilə ölkə daxilində və ölkə xaricində keçirilən yerli və beynəlxalq tədbirlərdə yaxından iştirak etmişəm. Buna misal olaraq 2021-ci ilin oktyabr ayında Yeni Azərbaycan Partiyası və Türkiyə Cümhuriyyətinin hakim partiyası, “AK” Parti arasında əməkdaşlıq çərçivəsində beynəlxalq videokonfransı, noyabr, dekabr aylarında Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə İstanbulda keçirilən XII Boğaziçi Sammitində, Qazaxıstanda keçirilən “Qazaxıstan siyasi partiya sisteminin təkamülü: çağırışlar, naliyyətlər və perspektivlər” Beynəlxalq Forumunda, Ukraynada keçirilən Yeni Azərbaycan Partiyası ilə Ukraynanın “Xalqın Xidmətçisi” Partiyası arasında əlaqələrin qurulması və əməkdaşlıq çəçivəsində görüşlərdəki iştirakımı göstərmək olar. Hesabat ili ərzində 26 dəfə xarici ölkələrin və təşkilatların nümayəndələri ilə görüşlərdə, sammitlərdə, konfrans və videokonfranslarda iştirak etmişəm.
“Vətən Müharibəsi”nin birinci ildönümü ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq 18 oktyabr 2021-ci il tarixdə şəhid mayor Elnur Hacıyevin ildönümü mərasimində iştirak etdim, şəhidimizin anasına, həyat yoldaşına və övladına başsağlığı verərək səbir dilədim.İldönümü mərasimindən sonra “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “Müstəqilliyimizin bərpası- 30: Zəfər Bayramı gənclərin gözü ilə” mövzusunda gənclərlə görüşümüz keçirildi. Ucar rayonunun Alpout kəndində 24 oktyabr 2021-ci il tarixdə şəhid kiçik gizir Kərim Əliyevin ildönümü mərasimində iştirak edərək şəhidimizin evində valideynləri və yaxın qohumları ilə görüşüb, onlara başsağlığı verərək səbir dilədim. Onu da qeyd edim ki, 2021-ci ilin noyabr ayının 6-da şəhid gizir Ələkbərov Allahverdi Məzahir oğlunun ailəsini ziyarət edərək, şəhidin övladları Əlihüseyn və Fidan Ələkbərovların ad günündə ailənin qonağı olaraq, şəhidin övladlarına öz xoş arzularımı çatdırdım. Şəhid ailəsi ilə görüşdən sonra “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “Zəfər Günü – müqəddəs və tarixi həqiqətin bərpası” mövzusunda gənclərlə söhbət edildi və eyni zamanda Qarabağ Vətən Müharibəsi qaziləri ilə görüşüb, onların üzləşdiyi bir çox çətinliklərlə yaxından tanış olduqdan sonra müəyyən addımların atılması üçün lazımi məsləhətlərimi verdim. Həmin gün 06 noyabr 2021-ci il tarixdə Azərbaycan Velosiped İdman Federasiyası, Respublika Olimpia Velosiped Məktəbi və Ucar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ucar rayonunda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş rayonun ümumtəhsil məktəbləri arasında velosiped idman növü üzrə keçirilmiş “Zəfər” kuboku yarışının açılışında iştirakçıları salamladım və yarışı izləyərək sonda qaliblərin təltif edilməsində iştirak etdim. “8 Noyabr – Zəfər Günü” münasibətilə Ucar rayonunda 8 noyabr 2021-ci il tarixində keçirilmiş bayram tədbirində iştirak edən şəhid ailələri ilə görüşüb onlara səbir diləmiş, qazilərə isə tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulamış, bayram tədbirindən sonra Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə “Zəfər Günü” ilə əlaqədar ağacəkmə aksiyasında iştirak etdim.
Hesabat dövründə televiziyalar, mətbuat orqanları və sosial şəbəkə ilə sıx təmasda olmuş, respublikada və eləcə də dünyada baş verən aktual məsələlərlə bağlı mütəmadi olaraq fikirlərimi bildirmişəm. Belə ki, elektron mediada 87 müsahibə, dövrü mətbuatda 58 müsahibə və 11 məqaləm dərc edilib, xarici və yerli televiziya kanallarında 65 verlişdə müzakirələrə qoşulmuşam, internet televiziya kanallarında 163 müsahibə və çıxışlarım yayımlanmışdır.
1 illik fəaliyyət dövrüm ərzində görülən işlər, o cümlədən gündəmdə olan daxili və xarici siyasətlə əlaqədar məlumatların hər kəs üçün əlçatan olması üçün Ramil Həsən rəsmi “facebook” və “tvitter” sosial şəbəkəsində izləyicilər üçün mütəmadi olaraq məlumat xarakterli yazılar yerləşdirilmişdir. Hesabatımın sonunda onu da qeyd edim ki, qarşıdakı müddət ərzində ölkə rəhbəri cənab İlham Əliyevin “Biz Birlikdə Güclüyük” şüarını əldə rəhbər tutaraq, seçicilərimlə daim sıx ünsiyyətdə olacaq və onların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında aidiyyatı qurumlarla birgə fəaliyyət göstərəcək, dövlət başçımız Möhtərəm Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, xalqa xidmət göstərəcək, xalqın hər bir nümayəndəsinin sosial rifahının yaxşılaşdırılması naminə “dövlət-xalq” birliyinin prinsiplərinə uyğun olaraq əlimdən gələni edəcəyəm.
Hörmətlə,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Ramil Həsən