Mİlli Məclisin bu gün keçirilən iclasında koronavirusu gizli keçirdiyinə görə, peyvənd vurdurmadan sertifikat ala bilməyən şəxslərla bağlı məsələ qaldırılıb.
Veteninfo.az xəbər verir ki, bu barədə deputat Naqif Həmzəyev çıxış edib. O bildirib ki, həmin vətəndaşların probleminin həllinə ehtiyac var:
“Pandemiya ilə bağlı yumşalamalar həyata keçirilir, hər kəs COVID-19 pasportlarını almağa çalışır. Ancaq bəzi vətəndaşlar var ki, onlar bu xəstəliyi gizli keçirib. Həmin məqamda boşluq var. Onlar pasport ala bilmirlər. Operativ Qəraragaha müraciət edərək, onların da problemlərinin həll olunmasına çalışmalıyıq”.
Deputat təhsil haqqını ödəyə bilməyən tələbələrin imtahana buraxılmamasına da etiraz edib.
Naqif Həmzəyev həmin tələbələrə güzəşt edilməsi üçün çağırış ünvanlayıb:
“Hörmətli xanım spiker, sizdən xahiş edirəm ki, bununla bağlı aidiyyatı qurumlara müraciət edək. İlin sonuna qədər tələbələrə təhsil haqqının ödənilməsi üçün möhlət verilsin. Mən bu barədə Təhsil Nazirliyinə şəxsən müraciət edirəm ki, məsələyə diqqət yetirilsin”.