Almaniyada yaşayan Pumukel adlı miniatür Şetland ponisi dünyanın ən balacaboy erkək atı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun boyu cəmi 52,6 santimetr, çəkisi isə təxminən 20 kiloqramdır.
Vətəninfo.az xəbər verir ki, Pumukelin sahibi Karola Vaydemann əvvəlcə onu rekord qırmaq üçün deyil, terapiya məqsədilə əldə edib. Sahibinin sözlərinə görə, o, ponini ilk dəfə görəndə heyrətini gizlədə bilməyib.
“Ömrümdə bu qədər kiçik at görməmişdim. İlk baxışdan onun bu qədər balaca olmasına inanmaq çətin idi”, – deyə Vaydemann bildirib.
Pumukel sahibinin yanına gələndə cəmi beş aylıq olub. Həmin vaxt onun boyu 47 santimetr idi. Yetkin yaşa çatmasına baxmayaraq, onun inkişafı dayanıb və boyu 52,6 santimetrdən artıq artmayıb.
Mütəxəssislərin qənaətinə görə, bunun səbəbi nadir genetik anomaliyadır. Bununla belə, Pumukelin sağlamlığında ciddi problem müşahidə edilmir. Onun bədən quruluşu mütənasibdir, sərbəst hərəkət edir, qaçır, oynayır və digər atlar kimi normal həyat sürür.
Qeyd edək ki, bu ölçüdə olan bir çox atlarda skelet, onurğa və oynaq problemləri qeydə alınsa da, Pumukel bu baxımdan istisna hesab olunur.
Ginnesin Rekordlar Kitabına düşdükdən sonra Pumukel Almaniyada böyük maraqla qarşılanıb. O, müxtəlif televiziya proqramlarına dəvət olunub, ziyarət etdiyi tədbirlərdə isə insanlar onunla şəkil çəkdirmək üçün növbəyə dayanırlar.
Kiçik ölçüsü sayəsində Pumukelin daşınması da asandır. O, sahibinin avtomobilində rahatlıqla səyahət edir, bəzi hallarda isə xüsusi əl arabasında aparılır.
Bununla yanaşı, Pumukel terapiya atı kimi də fəaliyyət göstərir. O, mütəmadi olaraq qocalar evlərinə, məktəblərə, hospislərə və əlilliyi olan şəxslər üçün fəaliyyət göstərən mərkəzlərə baş çəkərək insanlara mənəvi dəstək verir.
Sahibinin sözlərinə görə, Pumukel xüsusilə uşaqlarla ünsiyyəti sevir və mehriban xarakteri ilə insanların qısa zamanda rəğbətini qazanır.


























