Argentinalı ulduz futbolçu Lionel Messi futbol karyerasında qazandığı uğurlardan məmnun olduğunu və əldə etdiyi nailiyyətlərə görə özünü xoşbəxt hiss etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, argentinalı ulduz futbolçu açıqlamasında həyatın ona çox şey bəxş etdiyini vurğulayaraq, hazırda sahib olduqlarının dəyərini bildiyini qeyd edib.
“Daha artığını istəyə bilmərəm. Tanrı mənə çox şey bəxş edib və indi nə olursa-olsun, bunun həzzini çıxara bilirəm”, – deyə Messi bildirib.
Dünya çempionu futbolçu futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilməsinin onun üçün qürurverici olduğunu da vurğulayıb.
“Futbol tarixinin ən yaxşılarından biri kimi qəbul olunmağımdan məmnunam. Bu qədər böyük futbolçunun arasında mənim də adımın çəkilməsinə görə minnətdaram”, – deyə Messi qeyd edib.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində çoxsaylı fərdi və komanda uğurlarına imza atıb, həm klub, həm də milli komanda səviyyəsində qazandığı titullarla dünya futbolunun ən böyük simalarından biri hesab olunur.


























