image-reklam-veteninfo
image-1backend

“El Chapo”nun həyat yoldaşı fenomenə çevrildi – Həbsdən modelliyə (FOTO)

image-reklam-veteninfo
ABŞ-da narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamı ilə məhkum edilən “El Chapo”nun həyat yoldaşı Emma Koronel həbsdən azad olunduqdan sonra sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.
Qaynarinfo xəbər verir ki, bir vaxtlar dünyanın ən güclü narkotik kartellərindən biri hesab edilən “Sinaloa” Kartelinin qurucusu Xoakin “El Chapo” Qusmanın həyat yoldaşı Emma Koronel həbsdən çıxdıqdan sonra modellik fəaliyyəti və sosial media paylaşımları ilə yenidən gündəmə gəlib.
36 yaşlı Koronel cəzasının üç ildən az hissəsini çəkdikdən sonra 2023-cü ildə azadlığa buraxılıb. Hazırda onun “Instagram” hesabını təxminən 600 min nəfər izləyir. O, burada modellik, idman və atçılıqla bağlı paylaşımlar edir.
Böyük Britaniyanın “The Sun” nəşrinin məlumatına görə, Koronel bu ilin fevral ayında “El Chapo”nun həyatından öz baxış bucağını əks etdirəcək yeni televiziya serialı üzərində hazırlıq işlərinin aparıldığını açıqlayıb. O, həmçinin həbsxana həyatından bəhs edən xatirə kitabı yazdığını da bildirib.
Xoakin “El Chapo” Qusman ABŞ-da çoxsaylı narkotik qaçaqmalçılığı, cinayət təşkilatına rəhbərlik, çirkli pulların yuyulması, qətl sui-qəsdləri və silah cinayətləri üzrə ömürlük həbs cəzasına, əlavə olaraq isə 30 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmə prosesində ifadə verən keçmiş mühafizəçisi İsaias Valdes Rios bildirib ki, “El Chapo” rəqib kartel üzvlərini diri-diri basdırır, onlara saatlarla işgəncə verdikdən sonra meyitlərini yandıraraq məhv etdirirdi.
ABŞ hakimiyyət orqanları həmçinin Emma Koronelin “El Chapo”nun həbsxanadan iki dəfə qaçmasına kömək etdiyini iddia edib. Koronel isə prokurorluqla bağladığı razılaşma çərçivəsində daha yüngül cəza alıb.
2008-ci ildə “Sinaloa Gözəli” seçilən Emma Koronel “El Chapo” ilə 17 yaşında tanış olub. O, 18 yaşı tamam olan gün, həmin vaxt 50 yaşında olan Xoakin Qusmanla evlənib. Cütlüyün əkiz qız övladları var.
Koronel 2019-cu ildə yayımlanan, sonradan efirdən çıxarılan “Cartel Crew” realiti-şousunda da iştirak edib və evliliklərinin həqiqi sevgiyə əsaslandığını bildirib.
Koronel həbsdən azad olunduqdan sonra verdiyi açıqlamada “El Chapo”nun əməllərindən zərər çəkən ailələrlə həmrəy olduğunu vurğulayaraq bildirib: “Yaxınlarını itirən və əzab çəkən hər kəsin yanındayam”.
Xəbərdə həmçinin qeyd olunur ki, kartellərlə əlaqələri ilə tanınan digər şəxslər də cinayət keçmişlərinə baxmayaraq sonradan müxtəlif sahələrdə ictimai tanınma qazanıblar.






  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki