image-img-20210611-wa0046backend

Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından geniş bəhs edərək bildirib ki, bu birlik  möhkəm təmələ əsaslanır:  “Azərbaycan-Türkiyə birliyi  hazırda ən yüksək zirvədədir. Dünyaya səs salan tarixi Zəfərimiz  iki dost, qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu, bu dostluğun əbədiliyini və sarsılmazlığını bir daha sübut etdi.  Daim Azərbaycanın yanında olduğunu atdığı addımlarla  təsdiqləyən Türkiyə  dünyaya bu mesajı ünvanladı- Azərbaycan tək deyil. Türkiyə hər zaman yanındadır. Qardaş ölkənin rəsmilərinin  dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında  qazandığı   tarixi Zəfəri, ümumiyyətlə, türkün adının dastana çevrilməsi kimi qiymətləndirməsi ölkə Prezidentimizin   gərgin və yorulmaz mübarizəsinə, qalib ölkənin qalib Sərkərdəsi kimi nüfuz qazanmasına, bir sözlə, Azərbaycan-Türkiyə birliyinə verilən yüksək dəyərin  ifadəsidir.”

Ə.Salahzadə vurğulayıb ki, möhkəm təmələ əsaslanan bu birlik bütün istiqamətlərdə uğurla inkişaf edir: “Regionda sabitliyin, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyindən bəhs edərkən iki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallaşan enerji və nəqliyyat layihələri göz önünə gəlir. Hazırda bu layihələrin coğrafiyası daha da genişləndirilərək çoxtərəfli xarakter alıb.  Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı enerji layihələri dövlətlər, xalqlar arasında dostluq körpüsünü daha da möhkəmləndirir, dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Bu, o deməkdir ki, qarşılıqlı anlaşma, etimad  olan yerdə bütün məsələlər öz həllini tapa bilər.”

Möhtərəm Prezidentimiz İlham Əliyevin “Heydər Əliyevin siyasəti Azərbaycanda bütün sahələrdə yaşayır, o cümlədən Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işində” fikirlərini önə çəkən millət vəkili qeyd edib ki, böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin  real həyatda təsdiqini tapan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Bir millət, iki dövlət” tezisləri əsasında  atılan addımlar bugünkü gerçəklikləri yaradıb.

“Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün türk dünyasının birliyinə öz müsbət təsirini göstərir” söyləyən Əliabbas Salahzadə diqqəti bu il videoformatda keçirilən  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  qeyri-formal Zirvə görüşünə yönəldərək bildirib ki,  Azərbaycanın Vətən müharibəsinə başladığı günlərdən dövlətimizə ilk olaraq dəstək verən beynəlxalq qurumların içərisində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  bəyanatı yüksək dəyərləndirildi: “Türk dünyasının birliyini təcəssüm etdirən Azərbaycan-Türkiyə dostluğunun daha da inkişafı üçün geniş imkanlar yaranıb. Yeni dövrün reallıqlarına uyğun olaraq atılan addımlar bu birliyin perspektivlərinin aydın mənzərəsini yaradır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Zirvə görüşündə  Qarabağın ürəyi olan Şuşamızda olmaq istəyini bir daha ifadə etmişdir. Bu istək artıq reallaşır. Belə ki, Türkiyə Prezidentinin iyunun 16-da Azərbaycana səfəri çərçivəsində  mədəniyyət paytaxtımızın da  qonağı olacağı gözlənilir. Bu, dostluğumuzun növbəti  təntənəsidir.”

Diqqəti Türkiyənin hakim  Ədalət və İnkişaf  Partiyasının dəvəti ilə  Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankaraya səfərinə yönəldən millət vəkili  hakim partiyalar arasında əlaqələrin inkişafının, yeni səhifənin açılmasının, onlar  arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının  iki dost ölkənin əməkdaşlığına verəcəyi dəstəyi də xüsusi qeyd edib.

Ə.Salahzadə  ümumilikdə bu günədək iki ölkə arasında   imzalanan sənədlərin əlaqələrin inkişafına böyük yol açdığını önə çəkərək tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər Paradında iştirak etmək üçün  Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dövlətimizin başçısı İlham Əliyevin birgə iştirakı ilə imzalanan sənədlərdən bəhs edib:  “Atılan imzaların, əslində, simvolik imzalar olduğunu vurğulayan Türkiyə Prezidenti qarşıda atılacaq daha çox imzaların olduğunu və birlikdə Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəyimizi bildirmişdir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dünyanı cənginə almış COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və bu sahədə müsbət nəticələrin əldə olunması nəticəsində karantin rejiminin yumşaldılması fonunda iyunun 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşlarının  hava yolu ilə Azərbaycana müəyyən edilmiş şərtlərlə səfər etmələri də dost münasibətin göstəricisidir.”

Millət vəkili  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Ədalət və İnkişaf Partiyasının  parlamentdəki fraksiyasının iclasında söylədiyi fikirlərdən bəhs edərək vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan  “Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım, Prezident İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya səfər edib həm görüşlər keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik” bildirməklə iki dost ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsini təqdim edir: “Türkiyə Prezidentinin dövlətimizin başçısı  İlham Əliyevlə birlikdə  futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Türkiyə-Uels qarşılaşmasını izləmək istəyi də qardaşlığın, dostluğun, daim bir yerdə olmağın təsdiqidir. Məhz bu reallıqlar fonunda böyük qürurla qeyd edirik ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki