image-e31e824a-c2b3-4ee3-adbd-43da093f0883backend

Əliabbas Salahzadə: Azərbaycan uğurlu siyasəti ilə müasir dünyanın çağırışlarını yüksək səviyyədə cavablandırır

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə ən yüksək zirvələri fəth edən Azərbaycanın uğurlarını şərtləndirən amillərdən geniş bəhs edərək diqqəti son prezident seçkilərindən-11 aprel 2018-ci ildən bugünədək keçilən yola yönəldib: “Dövlət başçısı İlham Əliyevin bu seçkilərdə də qalibiyyəti Azərbaycan xalqının ona inamını və etimadını nümayiş etdirdi. 2003-cü ildə ilk dəfə Prezident seçilərkən Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin vacibliyini bəyan edən cənab İlham Əliyev Prezidentliyi dövründə atdığı hər addımında vədinə sadiqliyini təsdiqləyir. Azərbaycanın dünyanın ən islahatçı ölkələri, xalqımızın ən xoşbəxt xalqlar sırasında qərarlaşması bu günümüzə və gələcəyimizə hesablanan siyasətin nəticəsidir. Azərbaycan iqtisadi qüdrətini daha da möhkəmləndirdi, etibarlı tərəfdaş kimi nüfuz qazandı. Ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən  söhbət gedə bilməz. Dünyanın xarici siyasətinin, ən mühüm məsələlərin Azərbaycanda müzakirə olunması, ölkəmizin inkişaf modelinin təqdir edilməsi də uğurlu siyasətimizin nəticəsidir. Prezident İlham Əliyev  təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandırır. Dövlət başçısı 2018-ci il prezident seşkilərindən sonra həyata keçiriləcək islahatların anonsunu vermişdir. Bu gün Azərbaycan dünyada innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır.”

Millət vəkili vurğulayıb ki, dövlətimizin siyasətində gənclərə diqqət və qayğı xüsusi yer tutur: “Cənab İlham Əliyev gənclərin potensialından səmərəli istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyur. Onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələlər sırasındadır. Möhtərəm Prezidentimiz daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar. Cənab İlham Əliyev Azərbaycan gəncliyinə böyük inam və etimad göstərir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, gənclərimiz  44 günlük İkinci Qarabağ müharibəsində bu etimadı doğrultdu, torpaq, Vətən sevgilərini nümayiş etdirdilər. Müzəffər Al Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirərək tarix yazdılar.”

Əliabbas Salahzadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, müstəqilliyimizi, suverenliyimizi qoruyan güclü ordusu var: “Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu ilə bir sırada qərarlaşıb. Tarixi Zəfərimizin müjdəsi kimi dəyərləndirilən 2016-cı ilin Aprel döyüşlərində ordumuz gücünü, qüdrətini, döyüş qabiliyyətini dünyaya nümayiş etdirdi. Bu qələbə torpaqlarımızın işğadan azad ediləcəyinə inamı daha da artırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ən yüksək tribunalardan “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz” bəyan etdi, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarını çatdırdı. Ermənistan silahlı qüvvələrinin  aldıqları dərslərdən nəticə çıxarmayaraq 2020-ci il 27 sentyabr tarixində müxtəlif istiqamətlərdən ərazilərimizi atəşə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin hər vədini zamanında yerinə yetirdiyini nümayiş etdirdi. Prezident İlham Əliyev Qarabağın tacı olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla qeyd etdi.”

Millət vəkili vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri də Azərbaycanın inkişafının, malik olduğu imkanların təqdimatıdır: “Qısa zamanda böyük işlər görülüb. Bütün işlər Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilir. Dövlət başçısı İlham Əliyev  işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərində də vətəndaş məmnunluğunun prioritetliyini önə çəkir. Soydaşlarımızın rahat, yüksək səviyyədə yaşayışını təmin etmək üçün bütün tədbirlər  görülür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri yeniliklərin təqdimatıdır.”

“Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir edilir” söyləyən Əliabbas Salahzadə bildirib ki, ölkəmizin təkmil sosial-iqtisadi islahatları hərtərəfli inkişafın təmin edilməsində mühüm rol oynayır: “2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib. Qeyd etdiyimiz kimi, Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir.”

Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Prezident İlham Əliyevin təkmilləşməni, yeniləşməni özündə əks etdirən siyasəti yeni-yeni hədəflərə yol açır, Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image