image-reklam-veteninfo
image-1backend

Ərdoğan: “Türkiyə üçün atımızın quyruğunu bağladıq”

image-reklam-veteninfo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrordan azad Türkiyə və bölgə məqsədinə çatmaq üçün qətiyyətlə irəlilədiklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Ərdoğan bu fikirləri Muşun Malazgirt rayonunda Malazgirt döyüşünün 955-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib. Mərasimdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və digər siyasi partiyaların nümayəndələri də iştirak ediblər.

Türkiyə lideri çıxışında “atın quyruğunu bağlamaq” ifadəsinin türk ənənəsində mühüm məna daşıdığını bildirib. Onun sözlərinə görə, bu, başlanılan yoldan geri dönməmək və məqsədə çatana qədər mübarizəni davam etdirmək rəmzidir.

“Bir millət olaraq bizim çox qədim bir ənənəmiz var. Səfərə, yola və ya mühüm bir vəzifəyə başlayanda atımızın quyruğunu bağlayırıq. Bu, nə olursa-olsun geri dönməyəcəyimizi, sona qədər gedəcəyimizi göstərir. Biz də ‘Türk Əsri’ni qurmaq üçün atımızın quyruğunu bağladıq. Terrordan azad Türkiyə və terrordan azad bölgə hədəflərimizə çatmaq üçün atımızın quyruğunu bağladıq”, – Ərdoğan deyib.

Prezident yaşadıqları coğrafiyanı yenidən sülh və əmin-amanlıq məkanına çevirmək niyyətində olduqlarını vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə tarix boyu birlik və həmrəylik nümayiş etdirdiyi dövrlərdə böyük uğurlar və qələbələr qazanıb. O, Malazgirt döyüşünü, Çanaqqala savaşını, Türkiyənin Milli Mübarizə dövrünü və 15 iyul hadisələrini bu birliyin nümunəsi kimi göstərib.

“Tarixdə dəyişdirilməsi, görməzdən gəlinməsi və ya inkar edilməsi mümkün olmayan həqiqətlər var. Onlardan biri də budur ki, bir millət olaraq birləşdiyimiz, çiyin-çiyinə dayandığımız zaman qələbədən qələbəyə doğru irəliləmişik. Lakin aramıza nifaq salındıqda və bir-birimizdən uzaqlaşdıqda ciddi təhlükələrlə üzləşmişik”, – deyə o bildirib.

Türkiyə Prezidenti ölkəsinin yerləşdiyi regionun dünyanın ən strateji və mürəkkəb bölgələrindən biri olduğunu qeyd edib və güclü dövlət, milli birlik və həmrəyliyin vacibliyini vurğulayıb.

“Biz tikansız gül bağçasında yaşamırıq. Min ildir dünyanın ən strateji və çətin bölgələrindən birində yaşayırıq. Bu coğrafiyada güclü, birlikdə və həmrəy olmaqdan başqa yolumuz yoxdur”, – Ərdoğan deyib.

O, Türkiyənin müdafiə, diplomatiya, təhsil, nəqliyyat, iqtisadiyyat və səhiyyə sahələrində həyata keçirdiyi siyasətin daha güclü və inkişaf etmiş dövlət qurmağa xidmət etdiyini bildirib.

Ərdoğan həmçinin regionda yeni siyasi proseslərin getdiyini vurğulayıb.

“Qoy hamı – dost da, düşmən də bunu bilsin: Bölgəmizdə tarix yenidən yazılır. Türkiyə vicdanlı, prinsipial və sülhsevər siyasəti ilə tarixin gedişinə təsir edir. Türkiyənin və türk millətinin yürüşünü təxribatlar və tələlərlə dayandıracağını düşünənlər məyus olacaqlar”, – Türkiyə Prezidenti qeyd edib.

Çıxışının sonunda Ərdoğan Malazgirt zəfərinin 955-ci ildönümü münasibətilə xalqı təbrik edib, Sultan Alparslan və onun ordusu başda olmaqla, tarix boyu həlak olan şəhid və qaziləri ehtiramla yad edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki