image-1671451632_ermeni-xankendibackend

Ermənilər Qarabağdan getmək istəyirlər, ancaq…

image-reklam_sirab_01

Qarabağın dağlıq hissəsində yaşayan bəzi mülki ermənilər Azərbaycana məxsus əraziləri tərk etmək istəyirlər. Lakin separatçı rejim hədə-qorxu gələrək, onların Qarabağdan çıxmasını əngəlləyir.

Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata görə, Qarabağın erməni əhalisi separatçıların yaratdığı qeyri-müəyyən şəraitdən narahatdır. Sadə insanlar artıq təhlükəsiz mühitdə, sülh içində yaşamaq istəklərini gizlətmirlər. Onlar həm də əmindirlər ki, separatçılar Qarabağdan çıxmayınca, sülhdən danışmaq mümkün deyil. Bu mənada erməni sakinlər çıxış yolunu Azərbaycan ərazilərini tərk edərək, İrəvana getməkdə görürlər. Ancaq Arayik Arutyunyan, Ruben Vardanyan, Vitali Balasanyan və David Babayan kimi separatçı-terrorçular köçün qarşısını almaq üçün erməniləri qorxu içində saxlayırlar.

Mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Xankəndi və digər ərazilərdə yaşayan əksər ermənilər separatçıların təzyiqi altındadır:

“Xankəndidə yaşayan ermənilər Arayik Arutyunyan, Ruben Vardanyanın təsiri və təzyiqi altındadır. Onlar amansız rejim qurublar. Doğrudur, bəzi erməniləri guya “müstəqil respublika” yaratdıqlarına, var-dövlət içində yaşayacaqlarına inandırıblar. Lakin ağlı başında olan insanlar bunların yalan olduğunu bilirlər və separatçılara inanmırlar. Bilirlər ki, separatizm onları uçuruma yuvarlayır”.

Onun sözlərinə görə, separatçılar olmasaydı, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər çoxdan Azərbaycan vətəndaşlığını qəbul edərdilər:

“Ermənilər Qarabağın dağlıq hissəsində əvvəllər azərbaycanlılarla birgə yaşayıblar. Onlarla yenidən ortaq dil tapmaq mümkündür. Belə olan halda Qarabağın dağlıq hissəsini asanlıqla özümüzə tabe edə bilərdik. Yenə də deyirəm, bunun baş verməməsinin əsas səbəbi erməni millətçiləri və separatçılardır. Təəssüflər olsun ki, müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, separatçılar hələ də Azərbaycan ərazilərində qalırlar. İlk iş onları Qarabağdan qovmaq, sonra erməni sakinləri qanunlarımıza tabe etdirmək olmalıdır”.

Politoloqun fikrincə, Rusiya sülhməramlı qüvvələri erməni separatçılarına dolayı yolla yardım edərək, ermənilərin Qarabağdan çıxmasına imkan vermirlər:

“Azərbaycanın Qarabağdakı yeraltı resurslarını separatçılar da talan edir. Əlbəttə, Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov da buradan qazanc götürür. O hələ də Şuşa-Xankəndi yolunda aksiya keçirən fəalların qarşısına çıxa bilmir. Ancaq müəyyən adamlarla telefon vasitəsilə əlaqə saxlayır. Onun etirazçıların qarşısına çıxmaması əslində normaldır. Çünki, Volkov Rusiyanın tapşırıqlarını icra edir. Heç kimə sirr deyil ki, Rusiyanın mövqeyi ermənipərəst mövqedir. İndiyədək sülhün olmamasının əsas səbəblərindən biri də elə Moskvanın ikibaşlı oyunlarıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki