image-3e035d64-591b-32c2-a8f8-c75e571c5516_850backend

Etibar İbrahimov: “Artıq xaricilər bizim məşqçiləri də qəbul edəcəklər”

image-reklam_sirab_01

– “Ayntraxt”la 1+2 illik müqavilə imzaladıqdan sonra Frankfurt təmsilçisinin Çindəki akademiyasında fəaliyyətə başlayacaqsınız. Bu əməkdaşlıq, keçidiniz necə baş tutdu?

– Bilirsiniz ki, Azərbaycanın U-17 və U-19, həmçinin, Hindistanın U-17 yığmalarında Nikolay Adamla 7 il birlikdə çalışmışam. Sonuncu dəfə 2016-cı ildə bir yerdə işləmişik. Bundan sonra da sıx əlaqələrimiz olub. Məni daim oyunlara baxmaq və praktika toplamaq üçün “Ayntraxt”a dəvət edirdi. Pro kateqoriyam Frankfurt təmsilçisində Tomas Şaafla olmuşdu. Buna görə də “Ayntraxt” mənə doğma komandadır. Bu kluba simpatiyam böyükdür. Çünki möhtəşəm azarkeş dəstəyi var. Onların stadionunda olanda futbolu hiss edirsən. Bu yaxınlarda Adam mənə dedi ki, belə bir layihə var. Çindəki akademiya üçün iki almaniyalı məşqçi ilə yanaşı, mənə də təklif göndərdi. Açığı, qəbul etmək üçün çox düşünmədim. Çünki “Ayntraxt” kimi klubun bir parçası olmaq, Adam kimi mütəxəssislə çalışmaq mənim üçün böyük şərəfdir. Özümü doğrultmaq üçün əlimdən gəni edəcəyəm. Hazırda ABŞ-dayam. Buradakı işlərimi qısa zamanda bitirib Azərbaycana qayıtmalı, Çin və Şengen vizası almalıyam ki, Almaniyaya qayıdım. Oradan isə xüsusi reyslə Çinə uçacağam.

– Əcnəbilər azərbaycanlı məşqçilərə o qədər də güvənmirlər. Nikolay Adam yəqin, sizdə potensial görüb ki, dəvət edib…

– Adam istər Azərbaycan, istərsə də Hindistan mətbuatına müsahibələrində hər zaman mənə güvəndiyini və birlikdə çalışmaq istədiyini vurğulayırdı. Ona görə heç vaxt əlaqəmiz kəsilməyib. Həmişə deyirdi ki, yenidən birlikdə çalışmağı arzulayır. Bir daha göstərdi ki, mənə güvənir, bel bağlayır. Düşünmürəm ki, əcnəbi mütəxəssislər azərbaycanlı məşqçilərə inanmırlar. Ola bilər ki, tanımırlar. Şəxsi düşüncəm belədir ki, azərbaycanlılar idmanın istənilən növündə istedadlıdırlar. Ölkədə kifayət qədər yaxşı məşqçilər var. Sadəcə, onları tanıtmaq lazımdır. Bundan sonra xarici mütəxəssislər bizim məşqçiləri də qəbul edəcəklər. Adam mənə güvəndiyi üçün özünə başqa köməkçi götürməyib, daim birlikdə çalışmışıq. Həmişə vurğulayıb ki. sənə güvənirəm, ona görə də bizə başqa adam lazım deyil. İşimiz hər zaman uğurlu alınıb. Bir neçə gün öncə mənə belə bir variant olduğunu dedi. Artıq “Ayntraxt”da bir çox səlahiyyət onun əlindədir. Mənim barədə rəhbərliyə məlumat verib, uğurlu olacağıma onları inandırıb. Onlar Adama böyük etimad göstərirlər. Təcrübəli mütəxəssisə inanaraq, məni dəvət ediblər. Özüm üçün də xoş xəbər oldu. Açığı, bir az gözlənilməz idi. Amma Adam tez-tez deyirdi ki, yenidən birlikdə çalışarıq. Sizin sözlərinizdə də həqiqət var ki, vaxtilə Azərbaycanda çalışmış əcnəbi mütəxəssislər buradan getdikdən sonra azərbaycanlı məşqçilərə ehtiyac duymayıblar. Lakin Adam onlar kimi deyil. Azərbaycanda uğurlu iş gördü, daim öz qərarları və vicdanı ilə seçilən insandır. Hansısa məşqçidə potensial görürsə, milliyətindən asılı olmayaraq, ona etimad göstərir.

– Yeni işinizə başlayacağınız tarix bilinir?

– Hər şey vizanın hazır olmasından asılıdır. Bilirsiniz ki, hazırda Çinə viza almaq bir az çətindir. Hələlik ABŞ-dayam. İşlərimi yoluna qoyub bu həftə Azərbaycana qayıdacağam. Artıq viza ilə bağlı bəzi proseslər başlayıb. Almaniyada müqaviləyə imza atdıqdan sonra Çinə getməliyəm. Viza məsələsinə görə dəqiq vaxt deyə bilmirəm. ABŞ-dan birbaşa Almaniyaya və ya Çinə yollanmaq imkanım yoxdur. Mütləq Bakıya qayıdıb, ailəmlə vaxt keçirməliyəm.

– ABŞ-a nə üçün getmisiniz?

– Miçiqan ştatında “Ayntraxt”ın akademiyası açılmalı idi. Oradan təklif almışdım. Məndə viza olduğundan, buraya gəlib bir neçə ay yaşamalı və vəziyyəti görməli idim. Əfsuslar olsun ki, həmin şəxs özünü müflis elan etdi. Bundan sonra isə pandemiya dövrü başladı, heç yerə çıxa bilmədik. 2019-cu ilin sentyabrında Bakıya qayıtmalı idim. Sadəcə, həmin vaxt ABŞ-da başqa bir yerdən təklif gəldi. Ona görə də yenidən viza üçün müraciət etdim. Hələ də gözləmə statusunda olduğundan, sənədi ala bilməmişəm. Daha sonra başqa bir idman şirkəti söz verdi ki, biz vizanı tez həll edə bilərik. Onlarla əməkdaşlıq etdim. Hələ də gözləyirəm. Lakin Çində iş təklifi aldıqdan sonra sənədlərlə bağlı bütün işləri ləğv etdim. Burada da potensial böyük, təkliflər çox idi. Amma ABŞ-da sənəd almaq çətindir.

– Çinin adət-ənənələri, mətbəxi fərqlidir. Bu mənada, orada qalıb işləmək çətin olmayacaq?

– Çətinlik olacağını düşünmürəm. 2 il Hindistanda yaşamışam. Bundan başqa, 2010-cu ildə xarici ölkələrə çox səyahət etmişəm. ABŞ-da, Hindistanda hansısa vaxtlarda fərqli mətbəxə müraciət etmişəm. Yaşamaq üçün yemək yeyirsənsə, mətbəx problemi olmaz. Allah verən ruzi ilə bir tikə tapıb yeyərik.

– 2018/2019 mövsümündə “Kəpəz”ə rəhbərlik etdiniz. Sonra nə baş verdi: Təklif olmadığı üçün ölkəni tərk etdiniz?

– “Kəpəz”dən ayrıldıqdan sonra Nikolay Adam vasitəsilə “Ayntraxt”ın Hindistan layihəsi ilə bağlı təklif almışdım. Həmin vaxt onu gözləyirdim. O ərəfələrdə I Diviziondan yaxşı təklif gəlsə də, qəbul etmədim. Çünki “Ayntraxt”la əməkdaşlıq arzusunda idim. Cəmi 1 ay sonra ABŞ-a səfər etdim. Hindistandakı layihə təxirə düşmüşdü.

– ABŞ-da qaldığınız müddətdə xərclərinizi “Ayntraxt” klubu qarşıladı?

– Xeyr. Həmin dönəmdə özüm gəlmişdim. Buradakı vəziyyətlə tanış olmaq istəyirdim. Dekabr ayı idi. İş may-iyunda başlamalı idi. Sadəcə, dediyim kimi, iş adamı müflis oldu. Ardınca pandemiya başladı və mən burada qalası oldum.

– Bir müddətdir uşaq futbolunun içindəsiniz. Azərbaycanda uşaq futbolunun hazırkı durumu barədə nə deyə bilərsiniz?

– Yəqin, razılaşarsınız ki, bu, çox geniş mövzudur və ciddi müzakirə tələb edir. Yerli mütəxəssislərimiz demək olar, hər gün bu barədə danışır. Amma bir məqamı qeyd edim ki, səhv bizim hamımızdadır. Valideyn kimi uşaqlarımızı düzgün yönəltmirik. Təhsilə başlayanadək onlara azad düşüncəli qərar qəbul etmək məsuliyyətini vermirik. Məktəb vaxtı çatanda isə “Futbolla təhsil bir arada olmaz” deyib birini seçirik və hər ikisində səhv edirik. Elə uşaq var ki, valideyni onu təhsilə yönəldir, deyir ki, futbol olmaz. Halbuki həmin uşaq yaxşı futbolçu ola bilər. Təhsilə görə futboldan kənarda qalır. Təhsildə də uğur əldə etməyəndə həyatı düzgün yöndə getmir. Bəzən isə bir uşaq başqa sahədə uğur qazana biləcəyi halda, futbolu seçir. Ona görə deyirəm ki, hər iki halda səhv qərar veririk.

– Yəqin ki, Azərbaycan millisinin oyunlarını da izləyirsiniz. Canni De Byazinin işini necə dəyərləndirərdiniz?

– Deyiləsi söz yoxdur, komandanın çıxışı göz qabağındadır. Matçları mümkün qədər izləməyə çalışıram. Keyfiyyətli oyunçular var və əminəm ki, uğur qazanmaq olar. Bunun üçün hər cür şərait mövcuddur. Niyə alınmamasının səbəbini deyə bilmərəm. Çünki komandanın daxilində deyiləm və nə baş verdiyini bilmirəm. Son oyunlar göstərdi ki, komanda uğursuz çıxış edir. Bu isə birbaşa baş məşqçinin günahıdır. Məsələn, mən təklifi qəbul edəndə hansı komandaya gəldiyimi, nələri düzəldə biləcəyimi və hansı uğurları qazanmağın mümkün olduğunu anlayıram. Lakin bu, o demək deyil ki, Canni De Byazi zəif mütəxəssisdir və işinin öhdəsindən gələ bilmir. Albaniya millisi ilə böyük uğur əldə edib və özünü Avropada tanıdıb. Amma bu, onun getdiyi növbəti yığmada da uğur qazanacağına zəmanət vermir. Zaman keçdikcə görürsən ki, iş getmir. Hiss edirsən ki, bu, sənin komandan deyil və oranı tərk edirsən. Məşqçilərin praktikasında belə hallar çox olur. Qarşıda oyunlar var. Millimizə uğurlar arzu edirəm.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki