image-002backend

Eyləyirsən yenə qiyamət,Şuşa!

image-reklam_sirab_01

Havasının təmizliyinə, saflığına və müalicəvi xüsusiyyətlərinə görə kurort şəhərciyi olan Şuşa gözəlliyi ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda məşhur olub. Şuşa dağlarında elə bir çiçək bitir ki, o çiçəyə daha heç bir yerdə təsadüf olunmur. Təbiətin məhz Şuşa torpağında yaratdığı bu möcüzə Xarıbülbül adlanır və formasına görə çiçəyin şirəsini çəkən arını görüb bağrı yarılan bülbülü xatırladır. Turşsu, Səkili, İsa, Şamil bulaqları, Cıdır düzü yerli əhalinin və qonaqların sevimli istirahət yerləri olub.
Qarabağın döyünən ürəyi, alınmaz qalamız, Azərbaycan musiqisinin beşiyi Şuşa 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal edilib. Bu şəhərdə yerləşən yüzlərlə tarixi abidə təhqirlərə məruz qalıb, məhv edilib. Lakin 28 ildən sonra Azərbaycanın mədəniyyət ocağı olan Şuşamız Şanlı Ordumuzun gücü və Cənab Ali Baş Komandanımızın siyasəti nəticəsində düşmən tapdağı altından azad edildi.
Şuşa Azərbaycanın mədəniyyət şəhəridir. Bunu Cənab Prezidentimiz öz sərəncamında bildirdi. 269 il yaşı olan bu şəhərdən çox dahi şəxsiyyətlər çıxmışdır. Demək olar ki, Şuşa həm də dahilər yurdudur. Qarabağın döyünən ürəyi olan Şuşada indi bərpa işləri aparılır. Sanki 28 illik əsarətdə qalan bu şəhər indi yenidən canlanır. Üzeyir bəyin, Bülbülün, Xan qızı Natəvanın ruhları şaddır. Çünki 28 illik əsirlik və düşmən tapdağında qalmaq onların da ruhunu incitmişdir. Amma bu gün bütün millətimizin üzü ağ, alnı isə açıqdır.
Mədəniyyət paytaxtımız olan Şuşada 12-13 may tarixlərində Heydər Əliyev fondu tərəfindən “Xarıbülbül” musiqi festivalı keçirildi.
Bu möhtəşəm festival həm birinci həm də ikinci Qarabağ müharibələrində həlak olmuş şəhidlərimizin ruhuna həsr edildi. Cənab Prezidentimizin də dediyi kimi biz bu zəfəri qəhrəman oğullarımıza borcluyuq. Onlar heç bir zaman unudulmayacaq.
30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.
Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.
Ardı-arası kəsilməyən qələbələrimizi görən mənfur düşmənlər qorxu içindədir. Onlar bilirlər ki, Azərbaycan Ordusu Şuşayla kifayətlənməyəcək. Biz dədə-baba yurdumuz olan Zəngəzur və İrəvanı da azad edəcəyik!

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi Hüseynli Elşən Adil oğlu

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki