Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Vətəninfo.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsində aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri işlənib hazırlanmayıb;
– obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb, quraşdırılmış yanğınxəbərverici siqnalizasiya qurğusu isə işlək vəziyyətdə deyil;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyekt yanğın su hovuzu ilə təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.