Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən şənbə və bazar günləri ərzində ümumilikdə 97 yanğına çıxış, 14 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfər xilas edilib, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.