Türkiyənin Galatasaray klubu müdafiə xəttində sabit oyun nümayiş etdirən kolumbiyalı futbolçu Davinson Sançesi satmaq niyyətində deyil.
Vətəninfo.az xəbər verir ki, İtaliya mətbuatında yer alan məlumatlara görə, A Seriyasının yeni klubu “Como” 29 yaşlı futbolçu üçün Galatasaraya 18 milyon avro zəmanətli və 2 milyon avro bonus daxil olmaqla ümumilikdə 20 milyon avroluq yeni təklif göndərib. Lakin sarı-qırmızılı rəhbərlik bu təklifi qəbul etməyib və futbolçunu satmağı düşünmədiyini açıq şəkildə bildirib.
2023–2024 mövsümünün əvvəlində “Tottenhem” klubundan 9,5 milyon avro qarşılığında transfer olunan Sançesin transfermarkt portalına görə hazırkı bazar dəyəri 20 milyon avro olaraq göstərilir.
Futbolçunun Galatasarayla 2+1 illik müqaviləsi mövcuddur və klub onun gələcəyi ilə bağlı hər hansı qeyri-müəyyənlik görmür. Baş məşqçi Okan Buruk da Sançesin komandada qalmasını dəstəkləyir və klub rəhbərliyi onun maaşında da artım etməyi planlaşdırır.
Galatasaray, təcrübəli müdafiəçini həm meydandakı liderlik keyfiyyətinə, həm də Avropa səviyyəsindəki təcrübəsinə görə uzunmüddətli planlarının əsas hissəsi olaraq görür.