image-2backend

Heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur

image-reklam_sirab_01

Bu il sentyabrın 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edilib. Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

Sovet İttifaqının dağılması fonunda 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası XX əsrin sonlarında ən haqsız və ən qəddar işğallardan biri ilə üzləşdi. Ermənistan Respublikası beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal etdi. Bu ərazilərdə yüz minlərlə azərbaycanlının zorla qovulmasına səbəb olan kütləvi etnik təmizləmə aparıldı. Bəşəriyyətə qarşı cinayətlərin kulminasiya nöqtəsi, hələ də tarixin ən faciəli səhifələrindən biri – 1992-ci ildə Xocalı soyqırımı oldu. Lakin nə işğal, nə də beynəlxalq passivlik Azərbaycan xalqının öz ərazisini və dövlət suverenliyini bərpa etmək iradəsini qıra bilmədi. Azərbaycanın onilliklər ərzində göstərdiyi diplomatik və hərbi səylər 2020-ci il Vətən müharibəsində Qələbənin əsası oldu.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlar törətmək və münaqişənin yeni mərhələsini açmaq cəhdlərinə cavab olan 44 günlük müharibə başladı. Azərbaycan silahlı qüvvələri təkcə hərbi məharətlə yanaşı, həm də yüksək ruh yüksəkliyi nümayiş etdirərək Ermənistan ordusunu darmadağın edərək, əvvəllər işğal olunmuş ərazilərə nəzarəti bərpa etdi. Bu Qələbə təkcə hərbi uğur deyildi – o, ədalətin bərpası, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və ən uzun regional müharibələrdən birinin çoxdan gözlənilən sona çatması idi.

2020-ci il Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan öz ərazisinə tam nəzarəti bərqərar etmək üçün səylərini davam etdirib. Siyasi və diplomatik tədbirlərə baxmayaraq, Ermənistan Qarabağ ərazisindəki silahlı birləşmələri dəstəkləməkdə, təhlükəsizliyə təhdidlər yaratmaqda və Azərbaycan Respublikasının suverenliyini pozmaqda davam edirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsindən qeyri-qanuni silahlı birləşmələrin yekun olaraq çıxarılması və konstitusiya quruluşunun bərpası ilə nəticələnən antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam edən əməliyyat Ermənistan hərbi qüvvələrinin tam tərksilah edilməsinə və Azərbaycanın öz ərazisi üzərində nəzarətinin tam bərpasına gətirib çıxardı. Bu əməliyyat Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmini təsdiq etdi.

Həmin gün daha bir əlamətdar hadisə ilə tarixə həkk oldu. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan Qarabağ Universiteti fəaliyyətə başladı. Cənab Prezident Universitetə gələrək kompleks və burada yaradılan şəraitlə tanış oldu, tələbələrlə görüşərək qeyd etdi: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.

Dövlət başçısı İlham Əliyevin 20 Sentyabr – Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı, universitetin müəllim və tələbə heyəti ilə görüşü özündə mühüm məqamları əks etdirir.  Prezident İlham Əliyev hər bir çıxışında tarixi Zəfərimizin qəhrəmanlarının qəhramanlığından, şücaətindən, vətənpərvərlik hissinin böyüklüyündən geniş bəhs edərək bildirir ki, onlar canları, qanları ilə tarix yazdılar. Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə də cənab İlham Əliyev bildirdi ki, dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarı yoxdur.

Prezident İlham Əliyev Qarabağ Universitetində  sözügedən  görüşdə də bu  çağırışı səsləndirdi ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar.

Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Zənnimcə, bu günün konsepsiyasının üç əsas sütunu bunlardır: Müstəqillik uğrunda qəhrəmanların və qurbanların xatirəsi – Dövlət Suverenliyi Günü doğma torpaqlarının azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün mühüm məqam olacaq. Bu yaddaş milli kimliyin ayrılmaz hissəsinə çevriləcək, müstəqilliyin təmənnasız gəlmədiyini xatırladacaq. Digəri, milli birlik – 20 sentyabr təkcə qələbələrin qürur günü deyil, həm də Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaq. Azərbaycanın çətin anlarda necə birləşərək öz torpağını, gələcəyini müdafiə etməyə hazır olduğunu sübuta yetirdiyinin bütün dünya şahidi oldu. Əsas məqamlardan biri isə gələcəyə istiqamətləndirmədir – bu gün həm də dövlətçiliyin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, siyasi, iqtisadi və sosial institutların inkişaf etdirilməsi zərurətini xatırladacaq.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki