image-1backend

Hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib

image-reklam_sirab_01

“Martın 14-16 tarixlərində Bakıda XI Qlobal Bakı Forumu keçirildi. Qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilən Qlobal Bakı Forumunun bu günədək gündəmə gətirdiyi mövzulara diqqət yetirdikdə bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gündəliyinin aktual məsələlərinin müzakirəsi üçün Azərbaycan ideal məkan kimi qəbul olunur. Təbii ki, bu mühüm qərarın qəbul olunmasında dövlətimizin uğurlu siyasəti və onun yaratdığı reallıqlar əhəmiyyətli rol oynayır. Ötən il X Qlobal Bakı Forumunun mövzusu “Dünya bu gün: Çağırışlar və ümidlər” idisə, builki Forumda ”Parçalanmış dünyanın bərpası” müzakirə edildi. Müzakirələr əsasında dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin hansı problemlərə yol açdığı açıqlandı, çağırışlar səsləndirildi. Dövlət başçısı İlham Əliyev çıxışında “Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır” söyləyərək onu da bildirdi ki, ötən ilin martında müzakirə olunanlarla bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

Builki Forumun iştirakçılarının sayı da rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak etdi. Çoğrafiyanın genişləndirilməsi həm tədbirin əhəmiyyətini, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını nümayiş etdirir. Qonaqlar arasında 40-dan çox hazırkı, eyni zamanda, sabiq dövlət və hökumət başçılarının olması Forumun nəhəng intellektual potensialına dəlalət edir. Bu gün Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir sırada dayanan Qlobal Bakı Forumunda səsləndirilən hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib.”

Bu fikirləri Mili Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, cənab İlham Əliyevin hər bir çıxışı dövrün tələblərinə uyğun çağırışlarla zəngin olur: “Azərbaycan 30 il dünya güclərindən ədalət gözlədi. İşğala məruz qalan Azərbaycan olduğu halda, işğalçı Ermənistana verilən dəstəklər onu daha böyük iddialarla yaşamasını şərtləndirdi. Azərbaycan ən yüksək tribunalardan ikili standartların yolverilməz olduğunu bəyan etdi. O da bildirildi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, onların vahid mexanizm əsasında tətbiqi vaciblir. Lakin 30 illik işğal dövründə, eyni zamanda, postmünaqişə mərhələsində görünən budur ki, əksər dünya gücləri regionda sülhün və təhlükəsizliyin təmin olunmasında marqlı deyillər, Ermənistana dəstəkləri ilə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Bu dəstək sonda Ermənistanın yeni ərazilər uğrunda müharibə planları hazırlamasına və 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Cənab İlham Əliyev çıxışında tarixi Zəfərimizə gedən yolu, həmçinin ötən il lokal antiterror tədbirlərinin həyata keçirilməsinə səbəb olan amilləri diqqətə çatdırdı. Bu mühüm məqam da xüsusi vurğulandı ki, 30 illik işğal dövründə bəzi dünya gücləri tərəfindən gələn mesaj münaqişənin hərb yolu ilə həllinin mümkün olmaması idi. Ölkə Prezidenti çıxışında belə bir çağırışla hansı halda razılaşmağın mümkünlüyünü açıqladı: “Biz bir halda hərbi yolla həllin olmadığı ilə razılaşa bilərik ki, siz Minsk qrupu həmsədrləri, dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan işğalçı qüvvələrini bizim torpaqlarımızdan geri çəkilməyə məcbur edəsiniz. Siz, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qəbul edənlər bu qətnamələrə əməl olunmasını təmin etməlisiniz, əks halda münaqişə heç vaxt həll olunmayacaq. Əfsuslar olsun ki, bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu, səbəbini isə mən artıq izah etdim. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.”

Əliabbas Salahzadə vurğulayıb ki, Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyanın bərpasını şərtləndirən məqamlara diqqət yönəldildi: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. XI Qlobal Bakı Forumunun iştirakçılarının fikirləri də bu reallığı təsdiqləyir. Bir daha qeyd edildi ki, hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib. Çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakı tədbirin nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırlıq işləri və COP29-un keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacaq. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir.”

Əliabbas Salahzadə bildirib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfərləri çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatlarında da diqqət göstərilən məsələlərdən biri məhz Azərbaycanın yaşıl enerji gündəliyi oldu: “Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır. Azərbaycanın hər bir sahədə zəngin potensiala malik olması əlaqələrinin yüksələn xətlə inkişafında, dövrün çağırışlarının düzgün cavablandırılması istiqamətində səylərini daha da artırmasında əhəmiyyətli rol oynayır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki